Konstitusiya Məhkəməsi Plenumu İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Xəbərlər

2025 Nov

27.11.2025

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir.

Məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin '‘Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılaraq qərar qəbul edilmişdir.

Qərarda qeyd olunmuşdur ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.3-cü maddəsində daşıyıcılar üçün sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücülərinin reysqabağı tibbi müayinəsini təşkil etməklə bağlı tələb müəyyən edilmişdir.   

Həmin Qanunla daşıyıcıya verilmiş anlayışa görə, o, müəyyən haqq müqabilində, daşınma müqaviləsi bağlamaqla (yaxud digər qanuni əsaslarla) mülkiyyət, icarə və ya istifadə hüququ əsasında malik olduğu nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxs və ya fərdi sahibkardır.

Həmçinin Qanunla kommersiya məqsədli və təsərrüfat ehtiyacları üçün həyata keçirilən daşımalar da bir-birindən fərqləndirilmişdir.

Belə ki, yüklərin və sərnişinlərin kommersiya məqsədilə daşınması dedikdə müəyyən məbləğdə haqq ödənilməsi şərtilə, daşınma üçün müqavilə bağlamaqla və ya qanunvericiliklə nəzərdə tutulan digər əsaslarla yerinə yetirilən daşımalar başa düşülür.

Təsərrüfat ehtiyacları üçün daşımaları yerinə yetirən şəxslər dedikdə isə istifadələrində olan avtonəqliyyat vasitələri ilə öz işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz vəsaitləri hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar nəzərdə tutulur.

Konstitusiya Məhkəməsinin Plenumu belə hesab etmişdir ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunla müəyyən olunmuş anlayışlara əsasən avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımaları yerinə yetirən şəxslər daşıyıcı hesab olunmadığından, reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələb onlara şamil olunmur.

Beləliklə, həmin şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının və sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə məsuliyyət yaratmır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.