28.10.2025
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Azərbaycan Respublikası
Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının
80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3, 263.1
və 263.1-1-ci maddələrinin həmin Məcəllənin 2.2, 5.1 və 43-cü maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər
Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının
mülahizəsini, Ali Məhkəmənin Cinayət Kollegiyası, Ədliyyə Nazirliyi, Naxçıvan
Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi,
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası
tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini və iş materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci, Cinayət Məcəlləsinin
43 və 58-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Cinayət Məcəlləsinin 206.1-1,
206-1.2, 206-1.3-cü maddələrinin sanksiyalarında göstərilən cərimə, 263.1 və
263.1-1-ci maddələrinin sanksiyalarında göstərilən nəqliyyat vasitələrini idarə
etmək hüququndan məhrumetmə növündə əlavə cəzalar həmin sanksiyalarda öz əksini
tapmış əsas cəzalardan hər birinə əlavə olaraq təyin edilir.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
