27.10.2025
Fərhad Abdullayevin sədrliyi
ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Azərbaycan
Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinin II hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2-ci və 218.3-cü maddələrinin əlaqəli
şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan
Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini,
Ali Məhkəmənin Cinayət Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyası, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi
kafedrasının professoru, hüquq elmləri doktoru F.Abbasovanın və həmin
kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L.Məmmədovanın rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsi, 71-ci maddəsi və
Cinayət-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin müddəalarından irəli gələrək,
həmin Məcəllənin 211.2.2–211.2.6-cı maddələrində müəyyən edilən əsaslarla cinayət
işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrıldıqda istintaq
müddətinin axımı ilkin cinayət işinin başlandığı gündən hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 211.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əsasla ayrılmış cinayət
işi üzrə ibtidai istintaq müddəti ayrılma haqqında qərar qəbul edildiyi (yeni
cinayət işi başlanıldığı) gündən hesablanır.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.
