30.09.2025
Sentyabrın
30-da Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və
Bərabərlik Qurumunun (TİHEK)-in sədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan sədr Fərhad Abdullayev Məhkəmənin
fəaliyyəti barədə ətraflı məlumat verərək, Azərbaycan – Türkiyə əlaqələrinin
Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslandığını
bildirib.
Sədr vurğulayıb ki, iki qardaş ölkə arasında
sarsılmaz münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri
uğurlu siyasət nəticəsində durmadan inkişaf edir. Böyük geosiyasi və iqtisadi
potensiala malik dövlətlərimizin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin
təmin edilməsinə, bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının
inkişafının daha da gücləndirilməsinə yönəlib.
Qeyd olunub ki, tarixin ən önəmli anlarında dövlətimizə
dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsində və Azərbaycanın
Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal
xarakterli antiterror tədbirləri zamanı ölkəmizin yanında olması xalqımız tərəfindən
daim yüksək qiymətləndirilir. Bu gün Əsas Qanunun hüquqi qüvvəsi suveren
respublikamızda tam bərpa edilib və işğal altında olan torpaqlarımızın azad
edilməsi həm də vətəndaşların konstitusiyada təsbit olunan hüquqlarının müdafiəsinin
təminatıdır.
Daha sonra Türkiyə İnsan Hüquqları və Bərabərlik
Qurumunun sədri Fahrettin Altun yüksək qonaqpərvərliyə görə Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edib. O bildirib ki, ölkələrimiz
arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də sıx əməkdaşlıq
qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edəcək.
Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb,
insan hüquq və azadlıqlarının qorunması və digər hüquqi məsələlər müzakirə
olunub.
Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin hakimləri
və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə fotoşəkilləri çəkdiriblər.
