Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilib

Xəbərlər

2025 Sep

29.09.2025

Sentyabrın 29-da Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilib.

Tədbir iştirakçılarını salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş Azərbaycanın ilk milli Konstitusiyasından bəhs edərək, hüquqi dövlətin qurulmasında Əsas Qanunun roluna toxundu.

Qeyd edildi ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla, eyni zamanda, dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən ölkəmizin dünya birliyində nüfuzunun daha da artması baxımından əhəmiyyətli ictimai-siyasi hadisə idi. Ali Qanunun qəbul edilməsi dövlət siyasətinin mərkəzində insanın hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə xarakterizə olunan yeni mərhələyə qədəm qoyulmasının göstəricisi oldu.

Diqqətə çatdırıldı ki, bu il dövlətçilik tariximizin mühüm əhəmiyyətə malik iki əsas hadisəsini – Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malik Sərəncam imzalamışdır. Vurğulandı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın geri qaytarılması, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və işğaldan azad edilmiş torpaqlarda Konstitusiyanın hüquqi qüvvəsinin tam bərpası ilə xalqımız tarixinin qürurverici təntənəsini yaşayır.

Sədr bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının əsas təyinatı məhkəmə sisteminin müasirləşdirilməsi vasitəsilə ölkəmizdə qanunun aliliyinin təmin olunmasıdır. Respublikamızda ədalət mühakiməsinin səmərəliliyi, vətəndaşların məhkəmələrə inamı və etimadı bilavasitə hakimlərin fəaliyyətindən asılıdır.

Qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi digər məhkəmələrlə qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına hər zaman böyük diqqət yetirir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar sırasında məhkəmələrin müraciətləri əsasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əksinin tapan hüquqi mövqelərin məhkəmələr tərəfindən birmənalı tətbiqi, eyni zamanda, məhkəmə təcrübəsinin stabilliyinə xidmət edir və nəticə etibarilə hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Fərhad Abdullayev çıxışında hakimlərin yüksək nəzəri bilik və peşə hazırlığı ilə yanaşı, ədalət, qanunçuluq, qərəzsizlik və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı tövsiyələrini qeyd etmiş, hər hansı qərar qəbul edərkən qanunun tələbləri və vicdan kimi insani keyfiyyətlərin rəhbər tutulmasının vacibliyini gənc hüquqşünasların diqqətinə çatdıraraq, onlara gələcək hakim peşəsində uğurlar arzulamışdır.

Görüşün sonunda hakimliyə namizədlər məhkəmə binası ilə tanış oldular və xatirə fotoşəkilləri çəkdirdilər.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri, Aparatın məsul əməkdaşları iştirak ediblər.