Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Seul şəhərində beynəlxalq simpoziumda iştirak edib

Xəbərlər

2025 Sep

02.09.2025

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Rauf Quliyev və Aparatın Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Rüstəm Səlimov 26-27 avqust 2025-ci il tarixlərində keçirilən Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiyasiyasının Tədqiqat və İnkişaf üzrə Katibliyinin 5-ci Beynəlxalq Simpoziumunda iştirak etmək üçün Koreya Respublikasının Seul şəhərində səfərdə olmuşlar.

Tədbirin açılışında Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri Kim Sanghwan qonaqları salamlamışdır.

Koreya, Türkiyə, Özbəkistan, Pakistan, Qazaxıstan, Tacikistan, Rusiya, Banqladeş, İndoneziya, Filippin, Hindistan, Tailand, Malayziya və digər Asiya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarının hakim və Aparat əməkdaşlarının iştirakı ilə keçirilən Simpoziumda şəxsi toxunulmazlıq hüququnun müəyyən edilməsi və həmin hüququn qanuni məhdudiyyətləri ilə bağlı konstitusiya məhkəmələrinin təcrübəsi üzrə məruzələr dinlənilmiş və geniş fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Rauf Quliyev məruzə ilə çıxış edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” qərarında əks olunmuş Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Səfər çərçivəsində Simpozium iştirakçıları Koreya Respublikasının Konstitusiya Məhkəməsinin binasında olmuş, məhkəmənin praktiki fəaliyyəti ilə tanış olmuşlar.