16.07.2025
İyulun 16-da Azərbaycan Respublikası
Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş “Konstitusiya ədalət mühakiməsinin
həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsində müasir
tendensiyalar” mövzusunda beynəlxalq konfrans və Türk Dünyası Konstitusiya
Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresi keçirilib.
Konfransda iştirak etmək üçün ölkəmizə gələn
xarici qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri,
müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin
ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Sonra Bakıda Zəfər parkı ziyarət edilib, abidə
önünə gül dəstələri düzülüb.
Konfransın açılışında Azərbaycanın Dövlət Himni
səsləndirilib və tədbir üçün hazırlanmış videoçarx nümayiş olunub.
Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan,
Tacikistan, Şimali Kipr Türk Cümhuriyyəti, Belarus, Gürcüstan, Moldova,
Serbiya, İraqın konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətləri
beynəlxalq tədbirlərdə iştirak etmək üçün Konstitusiya Məhkəməsinin dəvəti ilə
Bakı şəhərinə dəvət olunublar.
Həmçinin konfransda Milli Məclisin, Ali Məhkəmənin,
Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vəkillər
Kollegiyasının rəhbər şəxsləri və nümayəndələri, insan hüquqları üzrə müvəkkil
(ombudsman), habelə bir sıra məhkəmələrin sədr və hakimləri, tanınmış alimlər,
hüquq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev konfransı açaraq Konstitusiyamızın 30 illik yubileyinə həsr olunan tədbirin
əhəmiyyətini yüksək qiymətləndirib, burada səmərəli müzakirələrin aparılacağına
əminliyini bildirib.
F.Abdullayev xüsusi vurğulayıb ki, 2025-ci ildə
Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin
5-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli
Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan
edilməsi müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm hadisə olmaqla,
hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından
xüsusi əhəmiyyətə malikdir.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin
xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən biri uğurlu dövlət
quruculuğu prosesinin əsasının qoyulmasıdır. Ümummilli Liderin rəhbərliyi ilə
hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsi ilə qəbul olunub, bununla da ölkəmizdə hüquqi dövlət
quruculuğunun möhkəm təməli qoyulub. Müstəqil Azərbaycanın ilk
Konstitusiyasının qəbulu dövlətçilik tarixində mühüm hadisə olmaqla, insan
hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslı zəmin yaradıb.
Diqqətə çatdırılıb ki, Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən və dərin düşünülmüş siyasəti,
sərkərdəlik məharəti, əsgər və zabitlərimizin qəhrəmanlığı 2020-ci ilin
sentyabrında başlayan 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın
19-20-də keçirilən lokal xarakterli antiterror əməliyyatında tarixi zəfərləri təmin
edib. Qazanılan şanlı Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi
tam bərpa edilib, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün
torpaqlarımızda bərqərar olub.
Sonra Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov,
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Baş prokuror
Kamran Əliyev, Ədliyyə naziri Fərid Əhmədov, insan hüquqları üzrə müvəkkil
(ombudsman) Səbinə Əliyeva və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri
Anar Bağırov açılış nitqləri ilə çıxış ediblər.
Konfransın praktiki hissəsində Türkiyə
Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya, Belarus Konstitusiya Məhkəməsinin
sədri Pyotr Miklaşeviç, Serbiya Konstitusiya Məhkəməsinin sədri Snejana
Markoviç, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov, Özbəkistan
Konstitusiya Məhkəməsinin sədri Mirzə-Uluqbek Abdusalomov, Moldova Konstitusiya
Məhkəməsinin sədri Domnika Manole, İraq Federal Ali Məhkəməsinin sədri Munter
İbrahim Hüseyn, Tacikistan Konstitusiya Məhkəməsinin sədri Abdulhafiz Aşurzoda,
Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin sədri Bertan Özerdağ, Qırğız
Respublikası Konstitusiya Məhkəməsinin hakimi Çinarə Aydarbekova, Qazaxıstan
Konstitusiya Məhkəməsinin hakimi Erkin Onqarbayev çıxış edərək, öz ölkələrində
konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın
aliliyinin təmin edilməsi sahəsində mövcud təcrübələrini bölüşüblər.
Məruzələrdən sonra mövzular ətrafında müzakirələr
və geniş fikir mübadiləsi aparılıb.
Tədbirə yekun vuran Fərhad Abdullayev
konfransın gedişatında müxtəlif aktual mövzulara toxunulduğunu və səmərəli
fikir mübadiləsi aparıldığını bildirib. Qeyd edilib ki, müxtəlif hüquq sistemlərinə
malik ölkələrin təcrübələrinin bölüşüldüyü konfransda maraqlı müzakirələr
aparılıb, Konstitusiya məhkəmələrinin qərarlarında formalaşdırılan hüquqi
mövqelər, konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə
Konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar ilə bağlı
maraqlı fikirlər ifadə edilib.
Konfransdan sonra Türk Dünyası Konstitusiya
Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresi işə başlayıb.
Konstitusiya Məhkəməsinin sədrliyi ilə keçirilən konqresdə Təşkilatın
tamhüquqlu üzvləri olan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan
Konstitusiya məhkəmələrinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, Şimali
Kiprin Ali Məhkəməsinin sədrinin və İraq Federal Ali Məhkəməsinin sədrinin
başçılıq etdiyi nümayəndə heyətləri konqresə fəxri qonaq qismində qatılıblar.
Konqresin əvvəlində Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev çıxış edərək, bu əlamətdar tədbirin ölkəmizdə keçirilməsinin
önəmini vurğulayıb.
O qeyd edib ki, türk dövlətləri arasında hüquqi
əməkdaşlığın genişləndirilməsi, ortaq hüquqi dəyərlərin təşviqi baxımından
TÜRK-AY platforması mühüm hüquqi əməkdaşlıq meydanına çevrilib.
Tədbirdə Konstitusiya Ədalət Mühakiməsi üzrə
Dünya Konfransının (Təşkilatı) 6-cı konqresi ilə əlaqədar TÜRK-AY-a üzv məhkəmələrin
nümayəndələri tərəfindən milli məruzələr üzrə icmallar təqdim edilib.
İcmalların təqdimatından sonra TÜRK-AY-ın beynəlxalq
təşkilatlarla əməkdaşlıq istiqamətində fəaliyyəti, bu sahədə əldə olunmuş
nailiyyətlər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Şimali Kiprin Ali Məhkəməsinin
müraciəti müzakirə olunub və bu qurumun TÜRK-AY-a müşahidəçi statusunda qəbul
olunması haqqında qərar qəbul edilib.
Konqres çərçivəsində Türk dövlətləri arasında
konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə
xidmət edən “Bakı Bəyannaməsi” imzalanıb. Bəyannamə 2024-cü il 6 iyul tarixli
“Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini
tapmış türk dövlətlərinin səylərinin, birliyinin vacibliyini bir daha təsdiqləyərək,
türk dövlətlərinin konstitusiya ədalət mühakiməsi orqanları arasında hüquqi əməkdaşlığın
vacibliyini qeyd edir.
Konqres iştirakçıları TÜRK-AY Konfransının
birinci konqresinin təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildirib,
xalqımızı “Konstitusiya və Suverenlik İli” münasibətilə təbrik ediblər.
Tədbir zamanı, həmçinin Azərbaycan Konstitusiya
Məhkəməsi ilə Türkiyə Konstitusiya Məhkəməsi, eləcə də Azərbaycan Konstitusiya
Məhkəməsi ilə İraq Federal Ali Məhkəməsi arasında Anlaşma memorandumları
imzalanıb.
Sonda Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev TÜRK-AY-ın birinci konqresinin işini yüksək qiymətləndirib və tədbirin
uğurla başa çatmasından məmnunluğunu ifadə edib.
O, TÜRK-AY çərçivəsində konstitusiya ədalət
mühakiməsi sahəsində əməkdaşlığın davamlı olacağına və gələcəkdə daha da dərinləşəcəyinə
əminliyini ifadə edib.
İyulun 17-də Azərbaycan Dövlət Akademik
Filarmoniyasında tədbirin xarici qonaqları üçün konsert proqramının təşkili nəzərdə
tutulur.
Həmçinin qonaqların Azərbaycanın zəngin tarixi
və mədəni irsi ilə tanışlığı üçün proqramlar təşkil edilib.
