14.07.2025
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti
əsasında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin
və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından Mülki Məcəllənin
329-cu, 340.2-ci və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.
Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini
və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis
mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki
hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Ş.Yusifovun və həmin
kafedranın doktorantı H.İrzayevin rəyini və iş materiallarını araşdırıb,
müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin I və II hissələrinin,
Mülki Məcəllənin 340.2-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş
hüquqi mövqelərə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə
etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd
olmaqla əhəmiyyətsizdir.
Mülki Məcəllənin 329-cu və 340.2-ci maddələrinin tələblərinə
uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə
tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki
qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə
cavab verməsi halında mümkün hesab edilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 659.2 və
661-ci maddələrinin mənasına görə, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin
mühüm şərti kimi tərəflərin satılmış əşyanın yenidən alınması ilə bağlı
razılaşması yalnız notarial qaydada təsdiq olunduğu halda etibarlıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.
