07.07.2025
İyulun
7-də Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı
ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad
Tutayuk, Rauf Quliyev və Rəşid Rzayev kollektivə təqdim olunub. Tədbirdə Məhkəmənin
hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Təqdimat
mərasimində çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd
edib ki, bu il müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul
olunmasının 30 ili, eyni zamanda torpaqlarımızın azad edilməsi nəticəsində
Konstitusiyamızın bütün Azərbaycan ərazisində hüququnun bərpa edilməsinin –
suverenliyimizin 5 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə
"Konstitusiya və Suverenlik İli" elan olunması müasir Azərbaycan dövlətçiliyinin
inkişafında mühüm hadisə olmaqla, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin
möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Fərhad
Abdullayev çıxışında Konstitusiya Məhkəməsinin səlahiyyət müddəti başa çatmış
hakimlərinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində
uzun illər uğurlu fəaliyyətlərindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhs
edərək, onların Konstitusiya Məhkəməsinin hakimi kimi hər zaman yüksək peşəkarlıq
nümayiş etdirdiklərini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində səylərini
vurğulayıb.
Daha
sonra Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yeni hakimlərini vəzifəyə təyin
olunmaları münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar
arzulayıb və bu təyinatın hüquq ictimaiyyəti üçün önəmini vurğulayıb. Təyin
edilən hakimlər gələcək hakimlik fəaliyyətlərində hüququn aliliyinin təmin
edilməsi naminə səylərini əsirgəməyəcəklərini, yüksək hakim adını qorumaqla,
onlara göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə öz minnətdarlığını ifadə edərək, üzərilərinə düşən məsuliyyəti
layiqincə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.
Sədr ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmış hüquqi dövlət quruculuğundan, Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində həyata keçirdiyi mütərəqqi islahatlardan, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsindən, Konstitusiyanın aliliyinin təmin olunması və qorunması sahəsində atılan mühüm addımlardan bəhs edib.
