29.11.2024
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun
sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə
tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə
dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin
məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Milli
Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Bakı
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Vəkillər Kollegiyasının mütəxəssis
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət
hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor
Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul
edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı
hüququnun mahiyyəti və təyinatından irəli gələrək Cinayət Məcəlləsinin 157-ci
maddəsi baxımından “mənzil” dedikdə, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının
təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq
daimi və ya müvəqqəti yaşanmasından və mülkiyyət formasından asılı olmayaraq,
bir və ya bir neçə şəxs tərəfindən yaşamaq üçün istifadə edilən, şəxsi həyatı (onun
məxfiliyini) təmin edən və digər sahələrdən təcrid olunan yaşayış yeri başa
düşülür.
Həyətyanı torpaq sahəsi, eləcə də təyinatı yaşayış sahəsi
olmasa da yaşayış üçün uyğunlaşdırılmış sahələr Konstitusiya Məhkəməsi
Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş meyarlara
uyğun olaraq şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi
halda, həmin sahəyə şəxsin iradəsi ziddinə daxil olma Cinayət Məcəlləsinin
157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.