07.11.2024
“Bizim yeni
Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət
müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini
qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni
Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni, dünya
demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində
inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan
Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri
özündə cəmləşdirməlidir”.
Heydər Əliyev
Azərbaycan xalqının
Ümummilli Lideri
“Builki prezident və
parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin
bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi
və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan
xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan
dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir.
Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq”.
Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin
yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı
nitqindən
Bu günlərdə müstəqil
dövlətçilik tariximizdə xüsusi və olduqca mühüm yer tutan hadisənin, yəni,
hüquq sisteminin özəyini təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının
qəbul edilməsinin növbəti ildönümü qeyd olunur. İyirmi doqquz il bundan öncə,
1995-ci il noyabrın 12-də müstəqillik, suverenlik, demokratiya və dünyəvilik
kimi dəyərləri bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edilib. Ölkə
Konstitusiyasının qəbul edilməsi dövlət müstəqilliyinin ilk illərində əldə edilən
ən mühüm nailiyyətlərdən biri olaraq, həmçinin ölkəmizdə hüquqi dövlət
quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoydu.
Xüsusilə
vurğulanmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun
ildönümünün Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən
müharibəsində qazanılan parlaq Qələbə şərəfinə təsis edilmiş Zəfər Gününə yaxın
günə təsadüf etməsi bu önəmli tarixi daha da əlamətdar edir.
Eyni zamanda, bu il
Konstitusiya Günü 2024-cü ilin ən mühüm hadisələrindən biri olan Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) ərəfəsinə təsadüf edir. Əminliklə
bildirmək olar ki, ölkəmizin ev sahibliyi etdiyi COP29 kimi mötəbər tədbir
dünyada iqlim dəyişmələri ilə bağlı məsələlərin həll edilməsində yeni
yanaşmaların tətbiqinə və müxtəlif maraqlı tərəflər arasında səmərəli əməkdaşlığa
əlverişli imkan yaradacaq.
Məlum olduğu kimi,
2024-cü il ölkəmiz üçün olduqca mühüm ictimai və siyasi əhəmiyyət kəsb edən
hadisələrlə zəngindir. Bu ildə ölkənin siyasi həyatının ən mühüm hadisələrindən
biri növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi
oldu. Bu seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində
keçirilmişdir. Eyni zamanda, cari il sentyabrın 1-də Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilər baş tutdu. Bu parlament seçkiləri də ilk
dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilmişdir.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun “2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrinin
yoxlanılması və təsdiqinə dair” 2024-cü il 21 sentyabr tarixli Qərarı ilə
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə
edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12,
107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib və seçkilərin
nəticələri təsdiq edilib.
Qeyd edilməlidir ki, hər
bir dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair təməl
konstitusiya prinsiplərinin varlığı ilə şərtləndirilir. Belə ki, istənilən
hüquqi dövlətin Əsas Qanunu bu əsas prinsipləri müəyyən edərək, insan hüquqları
və azadlıqları, hakimiyyətlərin bölgüsü, digər bir sıra mühüm demokratik dəyərləri
özündə ehtiva edir. Dövlətin Konstitusiyası, eyni zamanda, vacib ideoloji
funksiyanı da həyata keçirir. Bu baxımdan Azərbaycanda dövlət müstəqilliyi bərpa
edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı lazımi tədbirlərin həyata
keçirilməsi, ən əsası isə demokratik dəyərlərə əsaslanan ölkənin yeni Əsas
Qanununun qəbul edilməsi zərurətə çevrilmişdi. Lakin müstəqilliyin ilk illərində
ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik,
eyni zamanda, vahid siyasi iradənin olmaması və bununla da dövlət müstəqilliyi
üçün təhdidlərin mövcud olması Konstitusiyanın qəbulu kimi vacib vəzifənin
reallaşdırılmasını qeyri-mümkün etmişdi.
Sözsüz ki, o zaman ölkəni
mövcud olan ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev kimi güclü, xalqına
bağlı olan lider xilas edə bilərdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə
xalqın təkidli çağırışlarına cavab verərək hakimiyyətə geri qayıtmış,
xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil olmuşdu. Ən çətin
zamanlarda Azərbaycan xalqının yanında olan dahi şəxsiyyət, Ulu Öndər Heydər
Əliyev özünün həyat fəlsəfəsi ilə bağlı belə deyirdi: “Mənim həyat amalım bütün
varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi
yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə
yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib”.
Ölkə rəhbərliyinə yenidən
qayıdan Ulu Öndər Heydər Əliyev öz müdrik və uzaqgörən siyasəti nəticəsində
milli dövlətçilik ideyasının realizəsinə, müasir müstəqil Azərbaycan dövlətinin
möhkəmlənməsinə nail oldu. Azərbaycan dövləti öz dahi liderinin rəhbərliyi ilə
tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət və cəmiyyət həyatının bir
sıra sahələrini əhatə edən hərtərəfli və genişmiqyaslı islahatlar həyata
keçirilməyə başlandı. Bu islahatların həyata keçirilməsinə əsas yaradan
qanunvericilik bazasının, ilk növbədə isə ölkənin yeni Konstitusiyasının
hazırlanaraq qəbul edilməsi qarşıda duran ən vacib məsələlərdən biri idi.
Bununla da, Azərbaycan
Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə
Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan
Komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. Yeni Konstitusiya
layihəsini hazırlayan Komissiyanın 1995-ci il iyunun 5-də ilk iclası keçirilmiş
və həmin iclasda geniş nitq ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev dövlətimizin
konstitusiya quruculuğu tarixinə toxunaraq qeyd etmişdir ki, müstəqil Azərbaycanın
ilk Konstitusiya layihəsinin hazırlanması respublikamızın tarixində böyük bir
hadisədir. Eyni zamanda, həmin çıxışında Konstitusiya layihəsinin ideya rəhbəri
və müəllifi olan Ulu Öndər Heydər Əliyev yeni Konstitusiyanın mahiyyətinə
aydınlıq gətirmişdir: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə
xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü,
ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə
söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Yeni Konstitusiya layihəsini
hazırlayan Komissiyanın 1995-ci il noyabrın 10-da keçirilən iclasdakı çıxışında
isə Ulu Öndər Heydər Əliyev qeyd etmişdir: “Bu Konstitusiya layihəsinin ən əsas
mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin
edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının
toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının
qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyini,
hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir”.
Müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və
keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
- referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə
minmişdir.
Ölkənin Əsas Qanununun
milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər
Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il
noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
12 noyabr -
Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ümummilli Lider
Heydər Əliyev qeyd etmişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi
tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların
hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub
saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi
üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü
reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və
milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.
Vurğulanmalıdır ki,
dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanunun
hazırlanaraq qəbul edilməsi məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderin müstəqil dövlət quruculuğu
istiqamətindəki irsinə yüksək qiymət verərkən xüsusilə qeyd edib: “1993-2003-cü
illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz
o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu,
1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin
ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq
məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan
xalqına yol göstərir”.
Dövlətçiliyimizin möhkəmləndirilməsi,
eyni zamanda, dünya birliyində ölkəmizin nüfuzunun daha da artması baxımından
olduqca əhəmiyyətli ictimai-siyasi hadisə olan Konstitusiyanın qəbulu şübhəsiz
ki, ölkənin hərtərəfli inkişafında yeni mərhələyə - dövlət siyasətinin mərkəzində
məhz insanın, onun hüquq və azadlıqlarının, həmçinin hüquqi dövlət dəyərlərinin
olması ilə xarakterizə edilən mərhələyə qədəm qoyulmasının bariz göstəricisi
idi.
Bütün qanunvericilik
sisteminin əsasında durmaqla, Azərbaycan Respublikasında ən yüksək və birbaşa
hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin təminatı
qismində çıxış edərək, eyni zamanda, hüquqi-siyasi münasibətlər sisteminə mühüm
təsir göstərir. Əsas Qanun dövlət quruluşunun əsaslarını, siyasi sistemin təşkili
prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının təşkilini,
səlahiyyətlərini və fəaliyyət qaydalarını, şəxsiyyət, cəmiyyət və dövlət
arasındakı münasibətlərin hüquqi çərçivələrini müəyyən edir, insan hüquqları və
azadlıqlarının təmin edilməsi ilə bağlı mühüm mexanizmləri tənzimləyir.
Konstitusiya ən mühüm
ictimai münasibətlərin normativ modelini özündə ehtiva etməklə müxtəlif ictimai
institutlar arasındakı funksional münasibətləri müəyyən edir. Dövlət quruculuğu
ilə bağlı müasir doktrinal yanaşmalara əsaslanan və dövlətin hüquq sisteminin
bünövrəsi olan Əsas Qanun siyasi, iqtisadi və sosial münasibətlər sisteminin təməl
prinsiplərini müəyyən edir, həmçinin sosial ədalət prinsipinin həyata keçirilməsini
təmin edir.
Azərbaycan dövlətinin
müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində
demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə
nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən
hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun
olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə
sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərin bəyan
edilməsi Konstitusiyanın mütərəqqi dəyərlərini əks etdirir.
Əsas Qanunda müasir cəmiyyətin
əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit
edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik
qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan
hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə
plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər
öz əksini tapmışdır.
Eyni zamanda, Əsas
Qanun konstitusiya quruluşunun ən mühüm başlanğıcı kimi xalq hakimiyyətini bəyan
edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan
xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə
formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir.
Konstitusiyada insan və
vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi müəyyənləşdirilməsi,
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını
gözləmək və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının
vəzifəsi olmasının təsbit edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, onun birbaşa
göstəricisidir ki, insan amili, onun hüquqları və azadlıqları Konstitusiyanın əsas
diqqət mərkəzində durur.
Şübhəsiz ki, istənilən
hüquqi dövlətdə insan hüquq və azadlıqlarının tanınması və eyni zamanda, bu
hüquq və azadlıqların təminatı mexanizmlərinin mövcudluğu müstəsna əhəmiyyət kəsb
edən məsələlərdəndir. Bu baxımdan Konstitusiyada insan və vətəndaş hüquqları və
azadlıqları, onların realizəsinin ümumi mexanizmləri olduqca geniş şəkildə təsbit
edilib. Xüsusi olaraq vurğulanmalıdır ki, Əsas Qanunda həmin hüquqlar və
azadlıqlar hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə
edilir və onlar toxunulmaz, pozulmaz və ayrılmaz elan olunur. Konstitusiyanın ən
böyük fəsli də məhz bütünlüklə əsas insan və vətəndaş hüquqları və
azadlıqlarına həsr edilib. Həmin fəsildə hüquqi dövlətdə təmin edilməsi zəruri
olan əsas hüquq və azadlıqlar, onların təmini mexanizmləri, habelə ayrı-ayrı
hüquqların beynəlxalq standartlara müvafiq olaraq, qanuni məhdudlaşdırılmasının
yol verilən hədləri nəzərdə tutulmuşdur.
Əsas Qanunda, həmçinin
Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə
əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etdiyi, dövlətin bazar
münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait
yaratması, azad sahibkarlığa təminat verilməsi və digər bir sıra mühüm müddəalar
öz əksini tapmışdır.
Nəzərə alınmalıdır ki,
dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində vəziyyət dəyişdikcə və buna
paralel olaraq ictimai münasibətlər inkişaf etdikcə, öz hüquqi təbiətinə görə
kifayət qədər sabit normativ-hüquqi akt olan Konstitusiyanın da müəyyən müddəalarının
təkmilləşdirilməsi, müvafiq əlavələrin və dəyişikliklərin edilməsi zərurəti
meydana çıxıb. Məhz belə zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də,
2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar
nəticəsində ölkənin Əsas Qanununa bir sıra mühüm əlavələr və dəyişikliklər
edilmişdir. Dövrün çağırışlarını özündə ehtiva edən bu islahatlar hüquqi dövlət
dəyərlərinin bərqərar olması, insan hüquq və azadlıqlarının daha da etibarlı və
səmərəli müdafiəsi kimi məqsədlərə xidmət edib.
1995-ci ildə
Konstitusiyanın qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq
islahatlarının həyata keçirilməsinə yol açıb. Qeyd edilməlidir ki, məhkəmə
hakimiyyəti, eyni zamanda, onun hüquqi dövlətdə rolu və yeri ilə bağlı
başlanğıclar Əsas Qanunda təsbit edilən konseptual əsaslardan irəli gəlmişdir.
Konstitusiyada hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin
əsas prinsipləri və şərtləri ehtiva edilib, insan və vətəndaş hüquqlarının və
azadlıqlarının pozulması ilə əlaqədar mübahisələrin hər bir hüquqi dövlətdə
olduğu kimi məhkəmələrin həll etdikləri təsbit edilib.
Konstitusiyanın qəbulundan
sonra, 1998-ci ildə ilk dəfə olaraq ali konstitusiya ədalət mühakiməsi orqanı -
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdır.
Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış və artıq 26
il fəaliyyət göstərən Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan
Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq və
azadlıqlarını müdafiə etməkdir.
Fəaliyyət göstərdiyi ötən
illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 583 qərar
və 168 qərardad qəbul edilib. Bu qərar və qərardadlarda əksini tapan hüquqi
mövqelər dövlətin Əsas Qanununun aliliyinin təmin olunmasına, həmçinin insan və
vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir. Qeyd edilməlidir ki,
digər illərdə olduğu kimi, 2024-cü ildə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən
bir sıra mühüm qərar və qərardadlar qəbul edilib. 2024-cü ildə qəbul edilmiş qərarlardan
və orada formalaşmış hüquqi mövqelərdən bəziləri xüsusi olaraq vurğulanmalıdır.
Belə ki, Azərbaycan
Respublikası Prokurorluğunun sorğusu əsasında qəbul edilmiş “Azərbaycan
Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələri baxımından
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli
şəkildə şərh olunmasına dair” 2024-cü il 6 may tarixli Qərarında
Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 17-ci maddəsinə istinad edərək
qeyd edib ki, Konstitusiyanın 17-ci maddəsinin IV hissəsindən irəli gələrək
“uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə
bilən fəaliyyətə cəlb edilməsi” Cinayət Məcəlləsinin 22-ci fəslində müvafiq
olaraq ayrıca cinayət əməlləri kimi nəzərdə tutulmaqla yanaşı, bir sıra digər
cinayət tərkiblərində tövsifedici əlamət (məsələn, Məcəllənin 114.2, 283-1.2-ci
və s. maddələri) formasında təsbit edilmiş, habelə müvafiq hallarda cəzanı
ağırlaşdıran hal kimi nəzərə alınması müəyyən edilmişdir.
Qərarda, həmçinin qeyd
edilib ki, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin
cinayət törətməyə cəlb olunmasının Cinayət Məcəlləsinin 61.1.5-ci maddəsi ilə
ağırlaşdırıcı hal olaraq nəzərdə tutulması həmin Məcəllənin 170-ci maddəsində əks
olunmuş “yetkinlik yaşına çatmayan” ifadəsinin yalnız cinayət məsuliyyətinə cəlb
etməyə imkan verən yaş həddinə çatan şəxsləri ehtiva etməsi kimi qiymətləndirilə
bilməz.
Konstitusiya Məhkəməsinin
Plenumu vurğulayıb ki, cinayətkar fəaliyyətə cəlbetmə Cinayət Məcəlləsinin
170.1-ci maddəsinin dispozisiyasında göstərilmiş üsullardan (aldatma, vədlər
vermə, hədə-qorxu) və 170.3-cü maddədə göstərilən “zor tətbiq etməklə və ya zor
tətbiq etmək hədəsi ilə” kimi tövsifedici əlamətlərdən fərqli üsullarla həyata
keçirilə bilər ki, (məsələn, qisas və ya paxıllıq hissinin oyadılması, cinayətkar
həyat tərzinin romantikləşdirilməsi və s.) bu zaman 170-ci maddə üzrə cinayət tərkibi
yaranmadığından, şəxs müvafiq cinayət əməlinə görə məsuliyyətə cəlb edilərkən
Cinayət Məcəlləsinin 61.1.5-ci maddəsinin tətbiqi mümkün olacaqdır.
Qərarda o da qeyd
edilib ki, Cinayət Məcəlləsinin 170-ci maddəsində təsbit edilmiş əməl hər bir
halda onu törədən şəxsin fiziki və ya psixoloji təsir ilə müşayiət olunan aktiv
hərəkətləri nəticəsində və təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına
çatmayana qarşı törədilir. Yetkinlik yaşına çatan şəxsin yetkinlik yaşına
çatmayanla birlikdə cinayət əməlinin törədilməsində iştirak etməsi faktı isə
özü-özlüyündə həmin Məcəllənin 170-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini
yaratmır.
Qərarda Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gəlib ki, Konstitusiyanın 17-ci maddəsinin IV və VI hissələrinin
hüquqi mahiyyəti və təyinatı baxımından Cinayət Məcəlləsinin 170-ci maddəsində əks
olunan “yetkinlik yaşına çatmayan” ifadəsi cinayət məsuliyyətinə cəlb etməyə
imkan verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq, 18 yaşına çatmayan
hər bir şəxsi ehtiva edir.
Şirvan Apellyasiya Məhkəməsinin
müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 443, 444, 445, 447 və 449-cu
maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 2024-cü il 25 iyun
tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə,
Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələrinə, 71-ci maddəsinin I hissəsinə
istinad edib.
Konstitusiya Məhkəməsinin
Plenumu əvvəlki qərarlarında formalaşan hüquqi mövqelərə istinad edərək qeyd
edib ki, məhkəmə nəzarətinin həyata keçirilməsinin cinayət prosesinin bu və ya
digər mərhələsi ilə məhdudlaşdırılması cinayət prosesini həyata keçirən orqanın
prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının təmin
edilməsi və cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının müdafiəsi
baxımından yolverilməzdir. Əks yanaşma, yəni, məhkəməyə müraciət etmək
hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə
Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter
daşıdığına dəlalət etmiş olur.
Məhkəmə nəzarəti
qaydasında qəbul edilən qərarın işə mahiyyəti üzrə baxan məhkəmənin fəaliyyətinə
təsir etməsi (müdaxilə etməsi) ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd
edib ki, hər iki icraat predmet, məqsəd və vəzifələrinə görə fərqlənərək müstəqil
icraat növləri kimi çıxış edirlər. Belə ki, cinayət işinə mahiyyəti üzrə baxan
məhkəmənin əsas funksiyası ədalət mühakiməsinin həyata keçirilməsi çərçivəsində
təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli və ya təqsirsiz
olmasının müəyyən edilməsindən ibarətdir. Məhkəmə nəzarəti funksiyasının həyata
keçirilməsinə dair materiallara baxan məhkəmə isə xüsusi icraat qaydasında məhkəməyə
müraciət etmiş şəxsin gətirdiyi dəlillər əsasında müvafiq araşdırma nəticəsində
təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyini
yoxlayır.
Bu Qərarda Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticələrə gəlib ki, Konstitusiyanın 60-cı maddəsinin
I hissəsi və 71-ci maddəsi baxımından məhkəmə nəzarəti cinayət mühakimə icraatı
üzrə məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmayaraq, cinayət işlərinə
mahiyyəti üzrə baxılması Cinayət-Prosessual Məcəlləsinin 442-454-ci maddələri
üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya
qərarlarından məhkəməyə şikayət verilməsini istisna etmir.
Məhkəmə nəzarəti
qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləri
olduğundan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən
və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi müvafiq
cinayət mühakimə icraatına müdaxilə kimi qiymətləndirilə bilməz. Digər qərar,
Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qəbul edilmiş “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh
olunmasına dair” 2024-cü il 1 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin
Plenumu Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə istinad
etmişdir.
Bu Qərarda Konstitusiya
Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsində
göstərilmiş hərəkətlərə istinad edərək qeyd edib ki, həmin hərəkətlərin icra
edildiyi halda şəxsin cinayət məsuliyyətindən azad edilməsinin səbəbi, bu hərəkətlərin
icrası nəticəsində cinayət əməlini törətmiş şəxsin şəxsiyyətinin və ya onun törətdiyi
əməlin öz ictimai təhlükəliliyini itirməsi ilə deyil, şəxsin törətmiş olduğu əmələ
tənqidi münasibətinin yaranması, cinayət təqibi orqanlarının aşkar etmə ehtimalı
çox az və ya belə ehtimalın olmadığı halda narkotik vasitələrin aşkarlanıb
qanunsuz dövriyyədən çıxarılmasına, bu vasitələrdən istifadə olunmaqla törədiləcək
cinayətlərin qarşısının alınmasına mühüm töhfə verməsi ilə bağlıdır.
Konstitusiya Məhkəməsinin
Plenumu Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndində
göstərilmiş “qanunsuz dövriyyə” ifadəsinin “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda “qanunsuz
dövriyyə”yə verilmiş anlayışla eyniləşdirilməsi ilə bağlı mövqelərlə əlaqədar
vurğulayıb ki, qanunçuluq prinsipinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin)
cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər
yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi).
Həmin Qərarda
Konstitusiya Məhkəməsinin Plenumu hesab edib ki, Cinayət Məcəlləsinin 234-cü
maddəsinin “Qeyd” hissəsində göstərilən “qanunsuz dövriyyə” ifadəsinin
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
haqqında” Qanunun 1.0.5-ci maddəsində verilmiş anlayışla tamamilə eyniləşdirilməsi
cinayət məsuliyyətinin mühüm prinsiplərindən olan qanunçuluq prinsipinin tələblərinə
uyğun gəlməməklə bərabər, şəxsin nəinki Cinayət Məcəlləsinin 26-cı fəslinə
daxil olan cinayətlərə görə, hətta bu fəslə daxil edilməyən başqa, məsələn,
narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qaçaqmalçılığı ilə bağlı Cinayət Məcəlləsinin 206.2-ci maddəsində müəyyənləşdirilən
cinayət əməlinə görə də məsuliyyətdən azad edilməsinə əsas verərdi.
Formalaşmış hüquqi
mövqeyə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlib ki,
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 35.1-ci maddəsi, habelə
Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin
hüquqi təyinatı və digər maddələrlə qarşılıqlı hüquqi əlaqəsi baxımından həmin
normada müəyyənləşdirilən hallar yalnız 234-cü maddə üzrə cinayət əməllərinə
münasibətdə cinayət məsuliyyətindən azad etmənin əsasını təşkil edir.
Şəxsin əməli Cinayət Məcəlləsinin
237-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 234-cü maddəsində nəzərdə tutulan
cinayət tərkibini də yaratdığı halda o, sonuncu cinayət əməlinə münasibətdə həmin
maddənin “Qeyd” hissəsinin birinci bəndi ilə müəyyənləşdirilmiş əsaslarla cinayət
məsuliyyətindən azad edilir.
Nəzərə alınmalıdır ki,
Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən və eyni zamanda, digər qərarlarında
əksini tapan hüquqi mövqelər ilk öncə məhz Əsas Qanunun müvafiq müddəalarına əsaslanır.
Eyni zamanda, qeyd
edilməlidir ki, Konstitusiyada təsbit edilmiş prinsiplərin aliliyinin təmin
edilməsi vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi müvafiq hakimiyyət
orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Milli Məclisinə və Nazirlər
Kabinetinə qanunvericiliyin bu və ya digər normalarının təkmilləşdirilməsi ilə
bağlı bir sıra tövsiyələrlə çıxış etmişdir.
Xüsusilə
vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən verilən bu tövsiyələrin
böyük əksəriyyəti artıq öz həllini tapıb.
Qeyd edildiyi kimi,
Konstitusiya bütün qanunvericilik sisteminin əsasında durmaqla, digər
normativ-hüquqi aktlar da öz başlanğıcını Əsas Qanundan götürür. Bu baxımdan
Konstitusiya Məhkəməsi dövlətin Əsas Qanununun öyrənilməsinə və bununla da, ölkəmizin
ən ali hüquqi aktında əks olunan müddəaların, prinsip və dəyərlərin cəmiyyətdə
təbliğ edilməsinə xüsusi diqqət yetirir. Bununla əlaqədar olaraq, gənclər
arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsi, onların hüquq mədəniyyətinin
inkişaf etdirilməsi, hüquqi biliklərinin artırılması, Konstitusiyanın əsasları
və mahiyyətinin daha dərindən öyrənilməsi Konstitusiya Məhkəməsinin xüsusi önəm
verdiyi məsələlərdəndir. Bu məqsədlə ənənəvi olaraq hər il ölkəmizin müxtəlif
bölgələrində ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri
arasında hüquq olimpiadaları təşkil edilir.
Builki hüquq
olimpiadası bizim üçün xüsusi məna daşıyır. Belə ki, hüquq olimpiadası cari il
oktyabrın 14-18-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin tələbələri,
habelə Xankəndi və Şuşa şəhərləri, Füzuli, Laçın, Zəngilan və Xocalı
rayonlarının orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Zəfər
çalmış dövlətin Əsas Qanunu” mövzusunda keçirilmişdir. İşğaldan azad edilmiş
rayonlarda bərpa edilmiş təhsil müəssisələrində ölkəmizin Əsas Qanunu ilə bağlı
hüquq olimpiadasının keçirilməsi Konstitusiya Məhkəməsinin bütün kollektivi
üçün unudulmaz və əlamətdar hadisədir.
Bu gün müstəqil Azərbaycan
dövləti çoxəsrlik tarixinin ən yüksək inkişaf mərhələsini yaşayır. Tarixin ən
mühüm və taleyüklü məsələsi isə Azərbaycan Respublikasının möhtərəm Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində
parlaq Qələbənin əldə edilməsi və ötən il sentyabrın 19-20-də keçirilmiş lokal
xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının
suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi oldu.
Məlum olduğu kimi, Azərbaycan
Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Sərəncama əsasən, 2023-cü
il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun
aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa
edildiyi nəzərə alınaraq hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında
Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi qərara alınır. Konstitusiya dəyərlərinə
əsaslanan Dövlət Başçısının Sərəncamı şanlı tarixi günü hüquqi müstəvidə təsbit
etdi.
44 günlük Vətən müharibəsində
və lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə
tariximizin ən parlaq səhifəsi, eyni zamanda, indiki və gələcək nəsillərin fəxr
edəcəyi qəhrəmanlıq salnaməsidir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, sərkərdəlik məharəti,
Ordumuzun qəhrəmanlığı, xalqın dövlət başçısı ətrafında bir məqsəd naminə səfərbərliyi
şanlı Qələbəni təmin edən ən mühüm amillər idi. Azərbaycan Prezidenti İlham
Əliyevin qeyd etdiyi kimi: “İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim
tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq,
bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq
dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır”.
İkinci Qarabağ müharibəsi
və antiterror tədbirləri Ordumuzun şəxsi heyətinin, əsgər və zabitlərimizin hərbi
peşəkarlığının və vətənpərvərliyinin növbəti təsdiqi oldu. Dövlət başçısı İlham
Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının
Dövlət Bayrağını ucaltdığı zaman çıxışında bu barədə bildirib: “Elə bir güclü
ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə
yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl
Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza
atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı
bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz
haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik”.
Qürurverici haldır ki,
şanlı Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, burada təsbit
edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə
bərpa edildi.
Bu gün Azərbaycan dövləti
sabit və güclü iqtisadiyyatı və geniş resursları olan, regionda mühüm geosiyasi
mövqe tutan, həmçinin enerji təhlükəsizliyinin təmin edilməsində vacib yeri
olan dövlətlərdəndir. Artan iqtisadi gücü və beynəlxalq nüfuzu sayəsində ölkəmizin
bilavasitə təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Azərbaycan
Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün müstəqil Azərbaycan dövləti
həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda,
bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.
Hazırda dövlətimiz və
xalqımız yeni reallıqlar mühitində qürurla və ən əsası isə inamla öz
inkişafının növbəti, tamamilə yeni mərhələsinə qədəm qoyub. Regionun lider dövləti
və bölgədəki iqtisadi-siyasi proseslərin əsas iştirakçısı olan dövlətimizin
sosial-iqtisadi potensialı İkinci Qarabağ müharibəsindən sonra daha da artdı.
Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bütün
irimiqyaslı layihələr ümumilikdə regionun təhlükəsizliyinə və iqtisadi
inkişafına öz əvəzsiz töhfəsini verir. Olduqca güclü, qüdrətli dövlətə çevrilən
ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artıb, Azərbaycanla iqtisadi, siyasi
əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirmək arzusunda olan ölkələrin
sayı da getdikcə artır.
Məlum olduğu kimi,
işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və quruculuq işlərinin həyata
keçirilməsi qarşıda duran ən mühüm və prioritet istiqamətlərdəndir. “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət
Proqramı” çərçivəsində hazırda Qarabağda və Şərqi Zəngəzurda nəhəng yenidənqurma
proqramı həyata keçirilir, genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə və
planlı şəkildə davam etdirilir, müasir, dünya standartlarına uyğun
infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və davamlı iqtisadi
reinteqrasiya üçün bütün zəruri şərait yaradılır. Hamımız bunun şahidiyik ki,
işğal illərində tamamilə dağıdılmış hər bir kənd, qəsəbə və şəhər indi tamamilə
yenidən qurulur.
İkinci Qarabağ müharibəsindən
ötən 4 il ərzində Qarabağda və Şərqi Zəngəzurda olduqca geniş quruculuq və
abadlıq işləri aparılıb və hazırda da bu işlər tam sürəti ilə davam etdirilir,
nəhəng infrastruktur layihələri həyata keçirilir, qısa zamanda geniş yol şəbəkəsi
qurulub, tunellər çəkilib, beynəlxalq əhəmiyyətli dəhlizlər salınıb, hava
limanları inşa olunub. Şuşada, Laçında, Ağdamda, Zəngilanda, Cəbrayılda və
bütövlükdə işğaldan azad olunmuş bütün ərazilərdə yüksəkkeyfiyyətli, müasir
texnologiyalarla təchiz edilmiş evlər, ictimai iaşə obyektləri tikilib. Burada
insanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradılır, doğma
yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmin
edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası
istiqamətində mühüm işlər görülür.
Qarabağda və Şərqi Zəngəzurda
aparılan bərpa-quruculuq işləri Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə
nəzarətindədir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara mütəmadi
səfərləri bərpa, yenidənqurma prosesinin dövlət qarşısında duran ən vacib
istiqaməti olmaqla, həmçinin hər zaman diqqət mərkəzində saxlanıldığının bariz
təsdiqidir.
Dövlət başçısı İlham
Əliyevin rəhbərliyi ilə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə böyük müvəffəqiyyətlə icra
olunan bərpa-quruculuq işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi,
toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin
daha bir əyani göstəricisidir.
Qarabağda və Şərqi Zəngəzurda
görülən genişmiqyaslı quruculuq işlərinin sürətlə aparılması belə qənaətə gəlməyə
əsas verir ki, qazanılan tarixi Zəfər nəticəsində regionda meydana gələn yeni
reallıqlar nəinki ölkəmiz, eyni zamanda, ümumilikdə bölgə üçün geniş
perspektivlər yaradır.
İşğaldan azad edilmiş
torpaqlarımızda bərpa və yenidənqurma işlərinin aparılması ilə yanaşı, bu ərazilərə
yerli əhalinin qayıtması Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişafı ilə
bağlı qarşıda duran ən əsas hədəflərdəndir. Məlum olduğu kimi, Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il noyabrın 16-da imzalanan Sərəncamla
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı” təsdiq edilib.
Dövlət Proqramında
işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət,
nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət
Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı
məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması,
müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata
keçiriləcək tədbirlər əksini tapmışdır.
Böyük Qayıdışa dair I
Dövlət Proqramına uyğun olaraq əhalinin qısa zamanda öz doğma torpaqlarına
qayıtmaları istiqamətində dövlətimizin bütün mümkün imkanları səfərbər edilib.
Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə, könüllü və ləyaqətli
qayıdışının təşkili, onların davamlı məskunlaşması və reinteqrasiyasının təmin
edilməsi məqsədilə olduqca genişmiqyaslı işlər görülür. “Böyük Qayıdış”
proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına
qayıdıb.
Ümummilli Lider Heydər
Əliyevin əsasını qoyduğu və dövlətimizin başçısı İlham Əliyev tərəfindən bu gün
uğurla davam etdirilən inkişaf strategiyasının başlıca məqsədi müasir
çağırışlar fonunda dövlətimizin davamlı və hərtərəfli inkişafını təmin etməkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasi iradəsi və qətiyyətli mövqeyi
sayəsində ölkənin bütün dünya miqyasında nümunə sayıla biləcək və bir sıra mütərəqqi
cəhətləri ilə fərqlənən tamamilə yeni inkişaf modeli formalaşdırılıb. Həyata
keçirilən davamlı islahatlar sayəsində Azərbaycanda ötən müddətdə iqtisadi müstəqilliyin
təmin olunması yolunda olduqca mühüm addımlar atılıb. Dövlətimizin başçısı
İlham Əliyevin vurğuladığı kimi: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici
və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan
o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki
güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var.
Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili
resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı
yenidən qururuq, Zəngəzuru yenidən qururuq”.
Azərbaycan Prezidenti
İlham Əliyev cari il sentyabrın 30-da böyük el sənətkarı, aşıq yaradıcılığının
görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılışında çıxışı zamanı Qərbi
Azərbaycandan olan soydaşlarımızın öz yurd-yuvalarına qayıdış məsələsinə
toxunub. Bildirilib ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi,
suverenliyimizin tam bərpası Qərbi azərbaycanlılarda tarixi vətənlərinə geri
qayıdacaqlarına dair nikbinlik hisslərini, ümidlərini artırıb. Dövlətimizin
başçısı İlham Əliyev Qarabağa, Şərqi Zəngəzura qayıdan soydaşlarımız kimi, Qərbi
Azərbaycandan olan həmvətənlərimizin də bu sevinci yaşayacağına inandığını
vurğulayıb: “Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram,
siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən
dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim
keçirəcəyik”.
Dövlətimizin beynəlxalq
aləmdəki mövqeləri bu gün olduqca möhkəmdir. Azərbaycan nəinki regionda, eyni
zamanda, qlobal əhəmiyyətli mühüm siyasi və iqtisadi əməkdaşlıq
platformalarının yaradılmasının əsas təşəbbüskarlarından biri qismində çıxış
edir. Ölkəmizin fəal iştirakı ilə reallaşdırılan enerji, infrastruktur, nəqliyyat
və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır.
Müasir beynəlxalq
münasibətlər sistemində etibarlı tərəfdaş kimi özünü tanıdan Azərbaycan Cənubi
Qafqazın lider dövləti olmaqla yanaşı, eyni zamanda, regionun iqtisadi, siyasi
və həmçinin humanitar mərkəzidir. Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində
kifayət qədər təcrübəsi olan ölkəmizdə bu günədək bir sıra mötəbər beynəlxalq tədbirlər,
Zirvə görüşləri, sammitlər, media forumları, beynəlxalq əhəmiyyətli idman
yarışları və digər mühüm beynəlxalq tədbirlər keçirilib.
Bu il isə ölkəmiz
dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29), eyni zamanda, Kioto Protokolunun Tərəflər
Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı
sessiyasına ev sahibliyi edəcək. COP29 qlobal miqyasda ən mühüm hadisələrdən
biri olmaqla, beynəlxalq arenada bir nömrəli konfransdır və bu konfrans ilk dəfədir
ki, postsovet məkanında keçirilir.
Məlum olduğu kimi,
iqlim dəyişmələri bütün dünya üçün kifayət qədər həssas mövzulardan biridir. Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən imzalanan 2021-ci il 2 fevral tarixli Sərəncamla
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq
edilmişdir. Belə ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair
reallaşdırılmalı olan beş Milli Prioritetdən biri “təmiz ətraf mühit və yaşıl
artım ölkəsi” ilə bağlı müddəadır.
Eyni zamanda, dövlət
başçısı İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
COP29 qlobal səviyyədə
baş verən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, bir sıra mürəkkəb
məsələlərin həlli yollarının müzakirə edildiyi mühüm platforma hesab olunur. Bu
mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə növbəti etimad və inamın
göstəricisi, eyni zamanda, beynəlxalq miqyasda artan güc və nüfuzun əyani təzahürüdür.
Dövlət başçısı İlham Əliyevin cari ilin aprelində Berlində “15-ci Petersberq
İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı vurğuladığı kimi:
“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən
böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə,
o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab
edirik”.
Qeyd edilməlidir ki, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti cari il sentyabrın
18-20-də Asiya Konstitusiya Məhkəmələrinin və Ekvivalent İnstitutlar
Assosiasiyasının 6-cı Konqresində iştirak edib. Konqresin yekununda qəbul edilən
Banqkok Bəyannaməsinə Azərbaycanda keçiriləcək mötəbər tədbir olan Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı bənd əlavə edilmişdir. Belə ki,
həmin bəndə əsasən, Asiya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanları
bu cür beynəlxalq toplantıların iqlim dəyişikliyi probleminin həllində və
dayanıqlı inkişafın, o cümlədən bu sahədə ictimai məlumatlılığın təşviqində
oynadığı mühüm rolu dərk edir. Eyni zamanda, Azərbaycanın ev sahibliyi edəcəyi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) müvəffəqiyyətlə keçməsi üçün ən xoş arzularını ifadə
edirlər.
Əminliklə bildirmək
olar ki, COP29 iqlim dəyişmələri ilə bağlı atılacaq addımlara çox mühüm töhfə
verəcək.
Ölkəmizin COP29-a ev
sahibliyi etməsi, həmçinin özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə
mübarizə aparan dövlət olaraq tanıda bilməsinin göstəricisidir. Dünya
birliyinin Azərbaycana göstərdiyi inam və etimad dövlətimizin başçısı İlham
Əliyevin şəxsi nüfuzu, həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin
bilavasitə nəticəsidir.
Bu gün aparılan
düşünülmüş xarici siyasət nəticəsində beynəlxalq arenadakı nüfuzu artaraq ölkəmiz
dünyada söz sahibinə çevrilib. Qlobal proseslərdə respublikamızın mövqeləri
möhkəmlənir. Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və
qalib dövlət olması beynəlxalq müstəvidə ölkəmizə olan marağı artırmışdır. Azərbaycan
böyük və mühüm coğrafiyada meydana gələn yeni reallıqların mərkəzində dayanan
lider ölkədir. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin
həyata keçirdiyi məqsədyönlü siyasət, uğurlu diplomatiyası sayəsində əldə
edilib.
Hər bir azərbaycanlı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli
torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət
suverenliyinin və ölkənin bütün ərazisində Azərbaycan Respublikası
Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini
yaşayır.
Fürsətdən istifadə edərək,
Azərbaycan xalqını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi adından
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusunun bizə bəxş etdiyi 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı
Günü və 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edir, xalqımıza xoşbəxt
və firavan həyat arzulayırıq.
Fərhad Abdullayev
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsinin sədri