05.11.2024
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında
Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi və 26-cı
maddəsinin II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
325-ci maddəsinin şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim
S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası
Prokurorluğunun və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin Cinayət
Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının, Sumqayıt
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Vəkillər Kollegiyasının Rəyasət
Heyətinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri
doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə
edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 24-cü maddəsinin I hissəsi və 26-cı maddəsinin II hissəsi
baxımından, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq dövlət təltiflərinin
qanunsuz əldə edilməsi onların talama yolu ilə əldə edilməsi halını da ehtiva
etdiyindən dövlət təltiflərinin talanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
325-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətini yaradır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin
tələbləri baxımından dövlət təltiflərinin talanmasına görə cinayət məsuliyyətinin
fərdiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə
tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.