17.10.2024
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə
iclasında Azərbaycan Respublikası
Konstitusiyasının 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinin “İcra
haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər
Azərbaycan Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının, Sumqayıt
Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi
kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və
iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib.
Qərarda
deyilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi
mülki məhkəmə icraatının xüsusiyyətlərindən irəli gələrək məhz mülki icraat
zamanı icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması halını müəyyən
edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin I və III hissələrinin tələblərinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, cinayət mühakimə icraatı
zamanı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və ya
digər qərarının mülki iddiaya aid hissəsindən kassasiya şikayətinin verildiyi
halda onun icrasının dayandırılması məsələsinin tənzimlənməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qərar dərc
edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.