03.10.2024
Oktyabrın
3-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan
İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT
MDİHK) katibliyinin icraçı direktoru professor Nura bint Zaid Al-Raşoudun başçılıq
etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti
barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
İslam Əməkdaşlıq Təşkilatına üzv olan İslam Dünyası Konstitusiya
Yurisdiksiyaları Məhkəmələrinin Konfransı çərçivəsində bir çox ölkələrin
Konstitusiya məhkəmələri ilə əməkdaşlıq edir.
44 günlük
Vətən müharibəsindən bəhs edilərək, vurğulanıb ki, Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan
azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi
bərpa edilib.
İƏT MDİHK
katibliyinin icraçı direktoru, professor Nura bint Zaid Al-Raşoud qeyd edib ki, səfərin
məqsədi Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın)
təşəbbüsü ilə keçirilən Beynəlxalq Bakı Forumunda iştirak etmək, habelə beynəlxalq
əlaqələrin qurulması və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir.
Sədr
konstitusiya hüquqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili
(ombudsman) arasında səmərəli əməkdaşlığı xüsusi qeyd edib.
Fərhad
Abdullayev 2021-ci il sentyabrın 23-25-də İƏT MDİHK nümayəndə heyətinin Azərbaycanın
işğaldan azad olunmuş tarixi və əzəli torpaqlarına səfər edərək faktaraşdırma
missiyasının həyata keçirməsi ilə bağlı tərtib olunmuş məruzəni yüksək qiymətləndirib.
Tərəflər
arasında geniş fikir mübadiləsi aparılıb, beynəlxalq hüquqi əməkdaşlıq məsələlərinə
toxunulub.