02.10.2024
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Azərbaycan
Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Azərbaycan
Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət
hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru,
professor Ş.Səmədovanın rəyini araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 35.1-ci
maddəsi, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin
“Qeyd” hissəsinin birinci bəndinin hüquqi təyinatı və digər maddələrlə
qarşılıqlı hüquqi əlaqəsi baxımından həmin normada müəyyənləşdirilən hallar
yalnız 234-cü maddə üzrə cinayət əməllərinə münasibətdə cinayət məsuliyyətindən
azad etmənin əsasını təşkil edir.
Şəxsin əməli Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həmin Məcəllənin
234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini də yaratdığı halda o,
sonuncu cinayət əməlinə münasibətdə həmin maddənin “Qeyd” hissəsinin birinci bəndi
ilə müəyyənləşdirilmiş əsaslarla cinayət məsuliyyətindən azad olunur.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.