30.07.2024
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti
əsasında Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi,
29-cu maddəsinin I və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1193-cü və 1194-cü maddələrinin həmin Məcəllənin 372-ci, 373-cü, 1166-cı,
1202.2-ci və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim
C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının,
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının, Martin Lüter adına
Halle-Vittenberq Universitetinin professoru A.Əliyevin, ADA Universitetinin və
Martin Lüter adına Halle-Vittenberq Universitetinin birgə doktorantura layihəsi
çərçivəsində doktorantı N.Rəsulzadənin rəylərini və işin materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 17-ci maddəsinin I hissəsinin, 29-cu maddəsinin I və VII hissələrinin
hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin
toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq
vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi
miras payıdır.
Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini
müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı və 1273-1-ci
maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il
26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi
payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü
maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi
mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil
edilmir.
Mülki dövriyyənin sabitliyinin təmin olunması
baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə
və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.