13.07.2024
“Hazırda biz Konstitusiya Məhkəməsinin
simasında milli dövlətçiliyimizi, Konstitusiyaya əsaslanan hüquq qaydasını, ən əsası
isə insan və vətəndaş hüquq və azadlıqlarını həqiqətən müdafiə edən mötəbər təsisata
malikik. Öz səmərəli fəaliyyəti nəticəsində Konstitusiya Məhkəməsi həm ölkəmizdə,
həm də beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır”.
Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev
“Ötən illər ərzində Konstitusiya Məhkəməsi
səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası
Konstitusiyasının aliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının
müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə
uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə,
cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin
daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.
Əminəm ki, Konstitusiya Məhkəməsi bundan
sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin həyata
keçirilməsində səylərini əsirgəməyəcəkdir”.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
14 iyul - ali konstitusiya ədalət mühakiməsi orqanı
olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının
növbəti ildönümü tamam olur.
2024-cü il bir sıra əlamətdar tarix və hadisələrlə
zəngindir. Bu ildə ölkənin siyasi həyatının ən mühüm hadisələrindən biri növbədənkənar
Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi oldu. Belə ki,
2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünün və suverenliyin tam bərpasından
sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranmış və ölkəmiz inkişafının
keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Növbədənkənar Prezident seçkiləri ərazi
bütövlüyünün və suverenliyin daha bir təsbiti olmaqla, müstəqil Azərbaycan dövlətinin
tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilmişdir. Olduqca böyük
ruh yüksəkliyi ilə keçirilən bu seçkilər harada yaşamasından asılı olmayaraq, hər
bir azərbaycanlını olduqca qürurlandırdı.
2024-cü il fevralın 7-də keçirilən və tariximizə Zəfər
seçkiləri kimi daxil olan seçkilərdə dövlətimizin başçısı İlham Əliyevin
seçicilərin 92 faizindən çoxunun səsini qazanması Azərbaycan xalqının
Prezidentinə olan inamının və eyni zamanda, etimadının, onun ətrafında sıx birləşərək
bundan sonra da etibarlı gələcəyə doğru inamla irəliləmək istəyinin bariz nümunəsi
oldu.
Məlum olduğu kimi, cari il iyunun 21-də Azərbaycan
Respublikasının Milli Məclisi “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar
seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə
müraciət edilməsi barədə” Qərar qəbul edib. Dövlətimizin başçısı İlham Əliyev
ölkəmizin parlamenti tərəfindən qəbul olunan bu Qərar əsasında Azərbaycan
Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilərin təyin
edilməsinin Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə
uyğunluğuna dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin
öyrənilməsini zəruri hesab etmişdir.
Azərbaycan Respublikası Prezidentinin sorğusu əsasında
qəbul edilən “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin
təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi
barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair”
2024-cü il 27 iyun tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd
edib ki, 2024-cü ilin noyabr ayında öz kütləviliyi və əhəmiyyəti ilə seçilən
mötəbər beynəlxalq tədbirlərdən olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29),
Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyası Azərbaycan Respublikasında keçiriləcəkdir.
Qərarda, həmçinin qeyd olunub ki, seçkilər vətəndaşların
iradəsini ifadə etməsinin əvəzsiz hüquqi vasitəsi kimi çıxış etməklə, seçkidə
iştirakın əlçatanlığının təmin edilməsi, namizədlərin seçicilərlə təmasının, öz
siyasi platformalarını təqdim etmələri məqsədilə zəruri və əlverişli şəraitin
yaradılması baxımından dövlət üçün müvafiq öhdəlik yaradır.
Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gəlib ki, “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar
seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə
müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il
21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan
Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin
buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası
Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin “Altıncı
çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi
haqqında” 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Qeyd edilməlidir ki, ötən əsrin 90-cı illərində
dövlətimiz olduqca mürəkkəb və çətin dövrdən keçərək müstəqilliyini bərpa etməsinə
baxmayaraq, ölkədə baş verən hərc-mərcliyə məhz Ümummilli Lider Heydər Əliyevin
qətiyyətli mövqeyi sayəsində son qoyulmuş, nəticədə ictimai-siyasi sabitlik tam
bərqərar edilmişdir. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra siyasi sabitliyin təmin olunması ölkə həyatının
bütün sahələrində çoxşaxəli islahatların həyata keçirilməsinə əlverişli şərait
yaratdı. Məhz Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra
ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu mümkün olmuşdur.
İnkişafın başlıca istiqaməti olaraq vətəndaş cəmiyyəti və hüquqi dövlət
quruculuğunu seçən dövlətimiz qısa müddət ərzində irimiqyaslı qanunvericilik
islahatlarını reallaşdırmağa nail oldu.
Həyata keçirilən əsaslı hüquq islahatları çərçivəsində
ən əhəmiyyətli hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi
oldu. Bununla da Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə
hazırlanan bu mühüm tarixi sənəd dövlətçiliyimizin inkişafında tamamilə yeni səhifə
açdı.
Əsas Qanun ölkəmizdə insan və vətəndaş hüquq və
azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun təməlini təşkil edərək, insan hüquq və azadlıqlarının həyata
keçirilməsi, həmçinin ictimai həyatın bütün sahələrinin inkişafına təkan verdi.
Məhz Konstitusiyanın qəbulu ölkəmizdə müasir və demokratik tələblərə cavab verən
dövlətçiliyin formalaşmasında mühüm addım oldu.
1995-ci ildə Konstitusiyanın qəbulu ölkədə
genişmiqyaslı qanunvericilik islahatlarının həyata keçirilməsinə təkan verərək,
digər bir çox sahələrdə olduğu kimi, məhkəmə-hüquq islahatlarının da əsasını
qoydu.
Xüsusilə qeyd olunmalıdır ki, ölkəmizdə yeni məhkəmə-hüquq
sisteminin təşəkkül tapması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə
bağlıdır. Əsas Qanunun qəbulundan sonra müstəqil məhkəmə hakimiyyətinin fəaliyyətinin
təmin edilməsinə yönələn qanunvericilik bazasının yaradılması, hər kəsin hüquq
və azadlıqlarının daha səmərəli müdafiə edilməsi üçün çoxpilləli məhkəmə
sisteminin formalaşdırılması o dövrün ən vacib tələblərindən irəli gəlirdi.
Konstitusiyada təsbit edilmiş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə
hakimiyyəti orqanları həm də keyfiyyət baxımından yeni funksiyalar əldə etmiş
oldu.
Məlum olduğu kimi, hüquqi dövlətin əsasını
qanunların aliliyinin təmin edilməsi, o cümlədən insan hüquq və azadlıqlarının
müdafiəsi təşkil edir. Bu baxımdan, istənilən dövlətin demokratik inkişafı üçün
Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, eyni zamanda, onun aliliyinin təmin
olunması üçün konstitusiya nəzarəti institutunun yaradılması da olduqca
vacibdir. Bununla da, dövlətimizin Əsas Qanununun qəbulundan sonra, 1998-ci ildə
ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi fəaliyyətə başladı. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə
Konstitusiya Məhkəməsi simasında ali konstitusiya ədalət mühakiməsi orqanının fəaliyyətə
başlaması, o cümlədən bu orqanın müstəqilliyinin təmin edilməsi, hakimlərinin
sosial təminatının və müdafiəsinin gücləndirilməsi və ümumilikdə
konstitusionalizm ideyalarının inkişaf etdirilməsi məhz Ulu Öndər Heydər
Əliyevin adı ilə bilavasitə bağlıdır.
Müasir dövrdə konstitusiya ədalət mühakiməsi
hüququn aliliyinin təmin olunmasının mühüm və səmərəli mexanizmlərindən biri
olmaqla, eyni zamanda, demokratik dəyərlərin hakim olduğu hüquqi dövlətin
ayrılmaz atributlarından biri kimi qəbul edilir.
Əsas təyinatı Azərbaycan Respublikası
Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin ölkəmizin Əsas Qanununda
təsbit edilmiş hüquq və azadlıqlarını müdafiə etməkdən ibarət olan Konstitusiya
Məhkəməsi sorğu, müraciət və şikayətlər əsasında qəbul etdiyi məhkəmə aktları
ilə hüquq sisteminin inkişafına, vahid məhkəmə təcrübəsinin formalaşmasına və
bütövlükdə hüquqi dövlətin gücləndirilməsinə töhfə verməyi hər zaman olduqca
vacib hesab edir.
Fəaliyyətə başladığı ilk gündən Azərbaycan
Respublikasının Konstitusiyası və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün əsas normativ
fundament yaradaraq, konstitusiya ədalət mühakiməsinin effektiv şəkildə həyata
keçirilməsi üçün etibarlı təməl olmuşlar.
Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin əsas
səlahiyyətləri Əsas Qanunda öz əksini tapmışdır. Belə ki, qanunvericilik və
icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə
aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə özündən daha üstün olan
aktlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən
biridir. Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və
qanunların aliliyini təmin etmiş olur. Burada bir məqama diqqət yetirilməlidir
ki, yoxlanılan norma məhz Konstitusiyanın hərfinə və ruhuna, eyni zamanda,
orada əksini tapan təməl prinsiplərə uyğunluq baxımından qiymətləndirilir.
Yoxlanılan norma və ya onun hər hansı bir hissəsinin Əsas Qanuna və ya özündən
üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığı müəyyən edildikdə, bu norma qüvvədən
düşmüş elan edilir.
İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə
bağlı qanunvericilik müddəalarının bəzən birmənalı dərk edilməməsi mübahisəli
hüquq məsələlərinin məhkəmələr tərəfindən həlli zamanı müxtəlif hüquq
kolliziyalarının ortaya çıxmasına səbəb olur. Bununla da, bu hüquq normalarının
rəsmi təfsir edilməsinə ehtiyac yaranır. Belə ki, Konstitusiya Məhkəməsinin
mühüm səlahiyyətlərindən biri Konstitusiya və qanunların şərh edilməsidir. Nəzərə
alınmalıdır ki, Məhkəmə tərəfindən verilən şərhin əsas məqsədi bu və ya digər
normanın məzmununu aydınlaşdırmaq və bununla da, onun vahid tətbiqi qaydasını
müəyyən etməkdir.
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul
edilmiş qərarlar sırasında məhkəmələrin müraciətləri əsasında Konstitusiya və
qanunların şərhinə dair çıxarılmış qərarlar önəmli çəkiyə malikdir. Ümumiyyətlə
qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi hər zaman digər məhkəmələrlə
qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətin göstərilməsinə xüsusi əhəmiyyət
verir. Məhkəmələrin müraciətləri əsasında qəbul edilmiş qərarlar
qanunvericilikdə mövcud olan qeyri-müəyyənliklərin aradan qaldırılmasına şərait
yaratmaqla, hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından ümumi məhkəmə
təcrübəsinin formalaşmasına mühüm töhfə verir.
Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının,
bu qərarlarda ifadə olunan hüquqi mövqelərin məhkəmələr tərəfindən birmənalı tətbiqi
məhkəmə təcrübəsinin stabilliyinə, eyni zamanda, Konstitusiya Məhkəməsi
Plenumunun qərarlarının məcburiliyi barədə qanunvericiliyin tələblərinin yerinə
yetirilməsinə xidmət edir.
Qeyd edilməlidir ki, konstitusiya nəzarəti
orqanının fəaliyyətində də zaman keçdikcə müəyyən dəyişikliklər,
transformasiyalar baş vermişdir. Belə ki, məlum olduğu kimi, Ulu Öndər Heydər
Əliyevin bilavasitə təşəbbüsü ilə 2002-ci il 24 avqust tarixində keçirilmiş
referendumla Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində
Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərini ehtiva edən 130-cu maddəyə V,
VI və VII hissələr əlavə edilmiş və nəticədə konstitusiya ədalət mühakiməsi
orqanına müraciət etmək hüquq və səlahiyyətinə malik subyektlərin dairəsi xeyli
genişləndirilmişdir. Edilmiş əlavələrə əsasən, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və hər kəs Konstitusiya Məhkəməsinə
birbaşa müraciət etmək hüququ əldə etmişdir.
Konstitusiya Məhkəməsinin fəaliyyətindən bəhs edərkən
qeyd edilməlidir ki, Məhkəmənin digər səlahiyyəti fərdi şikayətlərə
baxılmasıdır. Məlum olduğu kimi, 2023-cü ilin iyul ayında “Konstitusiya Məhkəməsi
haqqında” Qanuna bəzi, o cümlədən fərdi şikayətlərə baxılması hissəsində müəyyən
dəyişikliklər edilmişdir. Qüvvədə olan “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair
şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində şikayət edilən
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ-hüquqi akta əsaslandığı
hallarda yol verilir.
Mühüm məqam ondan ibarətdir ki, hüquq normasının mənasının
təhrif olunması müvafiq Konstitusiya müddəalarının pozulmasına səbəb ola bilər.
Odur ki, normanın elmi-analitik araşdırılması, onun zəruri olduğu halda təfsir
edilməsi həmin normanın konstitusiya hüquqi mahiyyətinin Konstitusiya müddəaları
prizmasından açıqlanmasına geniş imkanlar yaradır.
Fəaliyyət göstərdiyi ötən 26 il ərzində
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 577 qərar və 167 qərardad
qəbul edilib. Bu qərar və qərardadlarda formalaşdırılmış hüquqi mövqelər
Konstitusiyanın aliliyinin təmin olunmasına, burada əksini tapan insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir. Qeyd edilməlidir ki, 2024-cü
ildə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən daxil olmuş sorğu, müraciət
və şikayətlərə dair ölkənin Əsas Qanununda təsbit edilmiş normalar və prinsiplər
rəhbər tutularaq bir sıra mühüm əhəmiyyət kəsb edən qərar və qərardadlar qəbul
edilib. Əhəmiyyəti nəzərə alınaraq qəbul edilmiş qərarlardan və orada
formalaşmış hüquqi mövqelərdən bəziləri xüsusi olaraq vurğulanmalıdır.
Belə ki, Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkilinin (ombudsmanın) sorğusu və Bakı Apellyasiya Məhkəməsinin müraciəti
əsasında qəbul edilən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin
“f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə
və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair”
2024-cü il 31 yanvar tarixli Qərarda formalaşdırılan hüquqi mövqedə
Konstitusiya Məhkəməsinin Plenumu ilk öncə Konstitusiyanın preambulasına, 25-ci
maddəsinin I hissəsinə, 35-ci maddəsinin I-IV və VIII hissələrinə istinad edib.
Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin
45-ci maddəsinin 4-cü hissəsinə istinad edərək qeyd edib ki, əmək
qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə
işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli
olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna
olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
Qeyd edilib ki, belə tənzimetmə ilə qanunverici
dövlətin Konstitusiyanın 35-ci maddəsinin VIII hissəsindən irəli gələn öhdəliklərinin
icrasının təmin edilməsi məqsədini güdür. Belə ki, əməyin, məşğulluğun fərdi və
ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun
təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli
əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə
qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi,
əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi
ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların
siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı,
qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar)
olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq
bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin
bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab
etmişdir.
İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş
hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə
Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib
hesab edib ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr
tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə
oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən
işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin
olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin
aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli
araşdırmalıdırlar.
Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gəlib ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin
maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin
hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında
müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın
25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğun
hesab edilməlidir.
Məhkəmələr Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi
ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq
araşdırıb nəticəyə gəlməlidirlər.
Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında
qəbul edilən “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və
X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli
şəkildə şərh edilməsinə dair” 2024-cü il 28 mart tarixli Qərarda Konstitusiya Məhkəməsinin
Plenumu Konstitusiyanın 71-ci maddəsinin VIII və X hissələrinə, həmçinin 80-ci
maddəsinə istinad edib.
Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd
etməyi zəruri hesab edib ki, İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində
nəzərdə tutulan inzibati xəta o halda törədilmiş hesab olunur ki, mallar və ya
nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara
aparılmasının və ya bu əraziyə qaytarılmasının gecikdirilməsi ilə bağlı həmin Məcəllənin
499.1-ci maddəsində göstərilən müddətlərin bitməsinədək mallar və ya nəqliyyat
vasitələri Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamış və
ya bu əraziyə qaytarılmamış olsun.
Əks yanaşma, yəni malların və ya nəqliyyat vasitələrinin
gətirilməsi və ya aparılması üçün gömrük orqanları tərəfindən müəyyənləşdirilmiş
müddətin bitdiyi an, onların Azərbaycan Respublikasının gömrük ərazisindən
aparılmadığı və ya bu əraziyə gətirilmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin
499.2-ci maddəsində təsbit olunmuş tərkibin yarandığının qəbul edilməsi,
İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta
tərkiblərinin öz əhəmiyyətini itirməsi ilə nəticələnməklə, onların tətbiqini
qeyri-mümkün edərdi. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsindəki
inzibati xəta tərkibinin yaranması, eyni hüquqi faktla bağlı şəxsin həmin Məcəllənin
499.1-ci maddəsi ilə məsuliyyət daşımasını istisna edir.
Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticələrə gəlib ki, Konstitusiyanın 71-ci maddəsinin VIII və X
hissələrinin, 80-ci maddəsinin konstitusion hüquqi mahiyyətindən və təyinatından
irəli gələrək, İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit
edilmiş inzibati xətalar əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və
ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə
qaytarıldığı gün törədilmiş hesab edilir və İnzibati Xətalar Məcəlləsinin
38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlbetmə müddətinin
axımı həmin tarixdən başlanır.
Həmçinin qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin
499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə”
müddəasının hansı müddəti əhatə etməsi baxımından təkmilləşdirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Məsələ qanunvericilik
qaydasında həll edilənədək İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində
təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəası Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə
qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar
və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara
aparılmasının və ya bu əraziyə qaytarılmasının bir ildən artıq və növbəti bir
ilin sonunadək olan müddətə gecikdirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikasının gömrük ərazisindən kənara
aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş
və ya aparılmış mallar və ya nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin
499.1.5-ci maddəsində müəyyən edilən bir ildən artıq və bu Qərara müvafiq
olaraq növbəti bir il bitənədək Azərbaycan Respublikasının gömrük ərazisindən kənara
aparılmadıqda və ya bu əraziyə qaytarılmadıqda, növbəti gün həmin Məcəllənin
499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi gün kimi qəbul
edilməlidir.
Digər bir qərar, Bakı Apellyasiya Məhkəməsinin
müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Konstitusiyasının
17-ci maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin
673.1.2-ci və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 2024-cü il 26 aprel
tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Mülki Məcəllənin
673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın
üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından
irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın
daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə
baş verə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edib
ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb
edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə
etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı
vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması
konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə
verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən
edilməlidir.
Qərarda Konstitusiya Məhkəməsinin Plenumu eyni
zamanda hesab edib ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında
qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan
imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir.
Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə
verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində
imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə
hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir.
Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticələrə gəlib ki, Konstitusiyanın 17-ci maddəsinin I hissəsinin
tələbləri baxımından Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan
“ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr”
müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi
qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir.
Mülki Məcəllənin 673.1.2-ci maddəsinin
dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb
etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən
işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun
onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq
müəyyən edilməlidir.
Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından
asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum
olduğu gündən Mülki Məcəllənin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik
müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam
verilir.
Qeyd edilməlidir ki, Məhkəməmiz konstitusiya ədalət
mühakiməsinin inkişaf meyillərinin, o cümlədən xarici ölkələrin konstitusiya məhkəmələrinin
təcrübəsinin öyrənilməsinə və bu təcrübənin tətbiq edilməsinə xüsusi diqqət
yetirir. Konstitusiya Məhkəməsinin Plenumu qəbul edilən bir çox qərarlarında
beynəlxalq hüquqi aktların, xüsusilə “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququna, həmçinin Respublikamızın tərəfdar çıxdığı digər beynəlxalq
müqavilələrə istinadların edilməsinə xüsusi önəm verir.
Həmçinin Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrin
həyata keçirilməsinə xüsusi önəm verərək, bir sıra beynəlxalq təşkilatlar və
xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə sıx əməkdaşlıq həyata
keçirir. Eyni zamanda qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq
əməkdaşlığı çərçivəsində müxtəlif dövlətlərin konstitusiya nəzarəti orqanları,
həmçinin beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə
iştirak edir. Bu cür tədbirlərdən biri cari il mayın 22-23-də Kişineu şəhərində
keçirilmiş Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının XIX Konqresi
oldu. Bu mötəbər beynəlxalq konqres çərçivəsində bir sıra aktual hüquqi məsələlər
üzrə ətraflı fikir mübadiləsi və müzakirələr aparılmış, məruzələr dinlənilmişdir.
Şübhəsiz ki, belə beynəlxalq tədbirlərin təşkil
edilməsi konstitusiya ədalət mühakiməsi sahəsində qabaqcıl təcrübə və
tendensiyaların öyrənilməsi baxımından geniş imkanlar yaradır, eyni zamanda,
yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün əlverişli və universal
platforma qismində çıxış edir.
Bir daha vurğulanmalıdır ki, Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və ötən il
sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində
30 il ərzində xalqımızın qarşısında duran ən taleyüklü məsələ - Azərbaycan
Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi məsələsi
həll edilmişdir.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, sərkərdəlik məharəti və Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti bu tarixi Qələbəni təmin
etdi. Cari ilin may ayında isə daha bir olduqca mühüm əhəmiyyət kəsb edən, əlamətdar
və tarixi hadisə baş verdi. Belə ki, məlum olduğu kimi, 2024-cü il aprelin
19-da Qazax rayonunun dörd kəndinin Azərbaycana geri qaytarılması barədə
razılıq əldə edildi. Mayın 24-də isə bu proses uğurla başa çatdırıldı. Bununla
da Azərbaycan xalqı daha bir möhtəşəm zəfər yaşadı.
Şübhəsiz ki, dörd kəndin dinc yolla geri
qaytarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
dövlətimizin 44 günlük Vətən müharibəsi və Qarabağda həyata keçirilən lokal
xarakterli antiterror tədbirlərində əldə etdiyi Zəfərin davamı olmaqla,
istisnasız olaraq dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi
nəticəsidir.
Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı
addım-addım geri qaytaran Qalib Lider, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin zəfər müjdələri hər bir azərbaycanlını qürurlandırır, xalqımızın
yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirir.
Qeyd edilməlidir ki, Ermənistan-Azərbaycan prosesi
ilə bağlı bir neçə açıq məsələ hələ də qalmaqdadır. Bu barədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini
qəbul edərkən bildirib. Belə ki, Ermənistanın Konstitusiyası ilə bağlı mühüm məqama
toxunaraq dövlətimizin başçısı tam haqlı olaraq vurğulayıb ki, Ermənistanın
hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında
sülh sazişinin bağlanması mümkün deyil.
Bu gün Azərbaycan dövləti və xalqı formalaşmış yeni
reallıqlar şəraitində qürurla və inamla öz inkişafının növbəti, tamamilə yeni mərhələsinə
qədəm qoyub. 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki nitqində dövlətimizin
başçısı İlham Əliyev qeyd edib ki, indi yeni dövr başlayır. Möhtərəm cənab
Prezidentin qeyd etdiyi kimi, “biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız
dik daxil oluruq”.
Qürurverici haldır ki, ölkəmiz bu yeni dövrə, mərhələyə
ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, güclü, sözün həqiqi mənasında
müstəqil siyasət yürüdən, beynəlxalq münasibətlər sistemində mühüm və etibarlı
tərəfdaş kimi qəbul olunan dövlət kimi qədəm qoyur. Yeni dövrdə qarşıda duran ən
mühüm vəzifələr əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanın
dayanıqlı və davamlı inkişafını davam etdirməkdir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı
bərpa və quruculuq işlərinin həyata keçirilməsi ən mühüm və prioritet istiqamətlərdəndir.
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun
bərpa edilməsi qarşıda duran ən önəmli vəzifələrdəndir. Şübhəsiz ki, Qarabağ və
Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri, eyni zamanda, bütövlükdə
ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirir.
Bu gün Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ
və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri tam sürətlə sistemli və
planlı şəkildə davam etdirilir, müasir infrastruktur formalaşdırılır, dayanıqlı
məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Burada
dağıdılan hər bir kənd, qəsəbə və şəhər tamamilə yenidən qurulur.
Vətən müharibəsindən ötən müddət ərzində Qarabağ və
Şərqi Zəngəzurda möhtəşəm, misli görünməmiş layihələrin təməli qoyulur, bir çox
irimiqyaslı layihələr isə artıq başa çatdırılıb. Nəhəng quruculuq meydanına
çevrilmiş Qarabağ və Şərqi Zəngəzurda elektrik stansiyalarının, geniş yol şəbəkəsinin,
körpü və tunellərin, hava limanlarının, otellərin, istehsalat müəssisələrinin,
sosial infrastruktur obyektlərinin tikintisi onu göstərir ki, işğaldan azad
edilmiş bütün ərazilərin bərpası kompleks xarakter daşıyır.
Xüsusilə vurğulanmalıdır ki, fəaliyyətə
başlamasının bu il 20 ili tamam olan Heydər Əliyev Fondunun əsas fəaliyyət
istiqamətlərindən biri də işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq
işlərinin həyata keçirilməsidir. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
bilavasitə təşəbbüsü və dəstəyi ilə işğaldan azad edilmiş torpaqlarımızda
dağıdılan dini, mədəniyyət və tarixi abidələrin bərpasına və inşasına xüsusi
diqqət yetirilir. Belə ki, Heydər Əliyev Fondu tərəfindən artıq bir sıra mədəniyyət
abidələrinin bərpası başa çatdırılıb. Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, Şuşa Rəsm
Qalereyası, Milli Xalça Muzeyinin Şuşa filialı, Yuxarı Gövhər Ağa məscidi, Xan
qızı bulağı, Zəngilan məscidi və digər tarixi binaların və abidələrin bərpasına
dəstək verilib. Eyni zamanda, bir sıra digər məscid və mədəniyyət abidələrinin
bərpası istiqamətində işlər davam etdirilir.
Həmçinin məhz Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə bu bölgədəki mədəni tədbirlərin keçirilməsi ənənələri də bərpa edilir.
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin
doğma yurdlarına qayıtmaları istiqamətində də bütün imkanlar səfərbər edilib.
Artıq bir neçə kənd və şəhərə - Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər
rayonunun Talış kəndinə, Laçın şəhərinə, Laçın rayonunun Zabux kəndinə, Füzuli
şəhərinə köçürülən ailələr doğma torpaqlarına qayıdıblar. Cari ilin may ayında
isə Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə ilk köç karvanı yola salındı.
Otuz iki ildən sonra Şuşa şəhərinə ilk qayıdış tarixi hadisə olmaqla, bu
qayıdışın Ulu Öndər Heydər Əliyevin doğum günündə baş tutması olduqca əlamətdar
və anlamlıdır.
Məlum olduğu kimi, 2023-cü il sentyabrın 25-də
İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”
elan edilmişdir. Şübhəsiz ki, Şuşa şəhəri hər zaman Azərbaycan xalqı üçün böyük
əhəmiyyət kəsb edərək rəmzi xarakter daşıyıb. Dövlətimizin başçısı İlham
Əliyevin Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşündə qeyd etdiyi kimi: “Şuşa
bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində
elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün
deyildi”.
Mayın 28-də - Müstəqillik Günündə isə Xocalıya
qayıdış reallaşdırıldı. Belə ki, xocalılıların doğma yurdlarına qayıdışının məhz
Müstəqillik Günündə başlanması, əlbəttə ki, tarixi hadisədir. Qürurverici
haldır ki, qısa müddət ərzində Xocalıda olduqca böyükhəcmli işlər görülüb, bir
sıra layihələr uğurla tamamlanıb.
Tam əminliklə demək olar ki, Böyük Qayıdış, o cümlədən
bu qayıdışın Xocalı səhifəsi Azərbaycan dövlətinin gücünün və şəxsən Prezident
İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızın bərpasına göstərdiyi qətiyyətinin,
siyasi iradəsinin bariz nümayişidir.
Bu gün xalqımız və dövlətimiz misilsiz nailiyyətlərə
imza atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata
keçirilən məqsədyönlü və ardıcıl siyasi kurs, uzaq perspektivə hesablanan
daxili və xarici siyasət nəticəsində sürətli və dayanıqlı inkişaf, güclü
iqtisadi potensialın formalaşması, vətəndaşların rifahı, təhlükəsizlik və
müasir ordu quruculuğu kimi mühüm məsələlərin effektiv həlli təmin edilmiş,
eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu və strateji əhəmiyyəti olduqca
artmışdır.
Həyata keçirilən islahatların nəticəsi olaraq
müasir Azərbaycanın özünəməxsus iqtisadi inkişaf modeli yaradılmış və öz növbəsində,
bu model ümumi dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, iqtisadi tərəqqiyə,
dünya birliyində mövqeyin əsaslı şəkildə möhkəmlənməsinə əlverişli zəmin
yaradıb. Bununla bağlı dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir: “Biz
iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç
kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü
iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə
aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti
tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə
əsaslanır”.
Bu gün dövlətimizin liderliyi ilə nəhəng enerji, nəqliyyat
layihələri reallaşdırılır, regional və həmçinin dünya miqyasda yeni əməkdaşlıq
platformaları yaradılır, ölkəmiz mötəbər beynəlxalq təşkilatlara sədrlik edir,
eyni zamanda, qlobal xarakterli tədbirlərə uğurla ev sahibliyi edir. Məlum
olduğu kimi, bu il ölkəmiz dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən
biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.
Bununla bağlı, dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə
2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilib.
Şübhəsiz ki, bu cür mötəbər beynəlxalq əhəmiyyətli
tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük
ehtiram və etimadının əyani göstəricisidir. Həmçinin belə qlobal əhəmiyyətli tədbirə
ev sahibliyinin edilməsi dövlətimizin etibarlı tərəfdaş kimi nüfuzunun daha bir
təsdiqidir. Eyni zamanda, bu tədbir ölkəmiz üçün dünya dövlətləri və beynəlxalq
təşkilatlarla daha sıx tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün əlverişli
imkanlar yaradır.
COP29-un ölkəmizdə keçirilməsi sözsüz ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev diplomatiyasının növbəti qələbəsi,
daxili və xarici siyasətinin uğurudur.
Sabitlik və tərəqqi yolu ilə inamla irəliləyən Azərbaycan
Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası sayəsində tarixi dönüş
mərhələsindədir. Həyata keçirilən qətiyyətli və hərtərəfli düşünülmüş bu
inkişaf strategiyasının əsasında dövlətçilik ənənələrinə əsaslanan idarəçilik,
tərəqqi, sosialyönümlü inkişaf, stabillik və insan faktoru dayanır. Həyata
keçirilən məqsədyönlü siyasət nəticəsində yüksək sosial, iqtisadi inkişaf və
dayanıqlı ictimai-siyasi sabitliyə nail olunub. Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
müharibəsində və lokal xarakterli antiterror tədbirləri zamanı qazanılan və
tariximizə qızıl hərflərlə yazılan şanlı Qələbə isə ölkəmizi dünyada olduqca
güclü dövlət kimi tanıdaraq, xalqımızın əzmini və həmrəyliyini bütün dünyaya
bir daha nümayiş etdirdi.
Əminliklə bildirmək istərdik ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin siyasi, iqtisadi və
hüquqi əsaslarının gücləndirilməsi konsepsiyası çərçivəsində həyata keçirdiyi
çoxşaxəli islahatlar ölkəmizin davamlı tərəqqisini təmin edir və Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi də, öz növbəsində, dövlətimizin
başçısının həyata keçirdiyi uğurlu fəaliyyətinə dəstək olaraq Əsas Qanunun
aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının səmərəli müdafiəsi
istiqamətində üzərinə düşən məsuliyyətli vəzifələri bundan sonra da layiqincə
yerinə yetirməyə daim çalışacaq.
Fərhad Abdullayev
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsinin sədri