04.07.2024
İyulun 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində
ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri
Faiq Zidanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, bu səfər Azərbaycan üçün tarixi hadisələrin cərəyan etdiyi dövrə
təsadüf edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Azərbaycan Respublikasının
Konstitusiyasının hüquqi qüvvəsi bərpa edilib və bu il sentyabrın 1-də ilk dəfə
həmin ərazilərdə Milli Məclisə seçkilər keçiriləcək.
İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri Faiq
Zidan ətraflı məlumata və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
O, qeyd edib ki, rəsmi səfərin məqsədi məhkəmə sahəsində əlaqələrin qurulması və
əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir. Qonaq iki ölkə arasında məhkəmə-hüquq
əməkdaşlığının vacibliyinə toxunaraq, İraq Respublikasında konstitusiya ədalət
mühakiməsini həyata keçirən Federal Ali Məhkəməsinin, təmsil etdiyi ölkənin məhkəmə
orqanlarının fəaliyyətinin istiqamətləri və praktiki işindən bəhs edib.
Tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, məhkəmə-hüquq
əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri
və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.