24.05.2024
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq
etdiyi nümayəndə heyəti Moldova Respublikası Konstitusiya Məhkəməsinin sədri
Domnika Manolenin dəvəti ilə Kişineuya səfər edib.
Səfərin
məqsədi Avropa Konstitusiya Məhkəmələri Konfransının XIX konqresində iştirak
etmək olub.
Konqresin
açılışında Moldova Prezidenti və bir sıra dövlət orqanlarının rəhbərləri
iştirak ediblər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Moldova Respublikası
Konstitusiya Məhkəməsinin və Avropa Şurası Venesiya Komissiyasının sədrlərinin
açılış nitqləri ilə başlayan tədbirin praktiki hissəsində Avropanın 36 ölkəsinin
konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətləri iştirak ediblər.
Konqresdə
Konstitusiya məhkəmələri ilə beynəlxalq məhkəmələr arasında qarşılıqlı əlaqələr,
Konstitusiya məhkəmələrinin fəaliyyətində siyasi və hüquqi məsələlər, fövqəladə
vəziyyət dövründə konstitusiya prinsiplərinin qorunması ilə bağlı mövzular ətrafında
məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Konfransın
Nizamnaməsinə əsasən, Avropa konstitusiya ədalət mühakiməsi orqanlarının sədrlərinin
iclasında təşkilati aspektlər, Avropa Konstitusiya Məhkəmələri Konfransına
üzvlüyə qəbul, maliyyə və büdcə məsələləri, Konqresin yekun Bəyannaməsi, habelə
təşkilata sədrliyin Albaniya Respublikasının Konstitusiya Məhkəməsinə təhvil
verilməsi haqqında qərar qəbul edilib. Konqresin sonunda yekun Bəyannamə qəbul
olunub.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın
Moldovadakı səfirliyində olub, Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə
gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad edib.
Konstitusiya Məhkəməsinin səfəri çərçivəsində keçirilən tədbir və görüşlərdə Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev də iştirak edib.