04.05.2024
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
Məhkəmə
iclasında Ali Məhkəmənin müraciəti əsasında “İcra haqqında” Azərbaycan
Respublikası Qanununun 50.1-ci və 53-cü maddələrinin, Mülki Məcəllənin
139-1.1.2-ci və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci və 8.0.4-cü maddələrinin
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 129-cu
maddəsinin I və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər
Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin
mütəxəssis mülahizəsini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul
edib.
Qərarda
deyilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci və
53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs
qoyulmuş əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasına
dair, habelə əmlak üzərində tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatı
üçün əsasın müəyyən edilməsi məqsədilə Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində
müvafiq tənzimləmənin həyata keçirilməsi Milli Məclisə tövsiyə edilsin.
Azərbaycan
Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə, 60-cı
maddəsinin I hissəsinə, 129-cu maddəsinin I və II hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında
həll edilənədək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci və
53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs
qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə
ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli
və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında
aparılmalıdır.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.