03.05.2024
Xalqımızın Ümummilli
Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk
Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü
münasibətilə mayın 3-də Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar”
mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Vəkillər Kollegiyasının sədri
Anar Bağırov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd
Quluzadə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Azərbaycan
Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin dekanı Mehmet
Yüce, hüquq ictimaiyyətinin nümayəndələri və tanınmış alimlər iştirak ediblər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə
çıxış edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən,
müasir Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində
misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin
xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən biri ümumi dövlət
quruculuğu prosesinin əsasının qoyulması idi. Həmin proses çərçivəsində əlamətdar
hadisələrdən biri - 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil
Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi Heydər Əliyevin adı ilə
birbaşa bağlıdır. Referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyası ölkəmizdə demokratik vətəndaş cəmiyyətinin yaradılmasına, dövlət
hakimiyyətinin demokratik prinsiplər əsasında bölünməsinə, yeni qanunvericilik
bazasının yaranmasına, dünyəvi cəmiyyətin əsaslarının inkişafına və hüquq
sisteminin müasir tələblərə uyğun formalaşmasına imkan yaratdı. Həmçinin qeyd
edilib ki, insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi elan
etmiş Konstitusiyanın aliliyinin təmin edilməsi, Əsas Qanunda təsbit olunmuş
insan hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə olunması məqsədilə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi təsis edildi.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin
ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən
müasir Azərbaycan dövləti və xalqı tarixinin şərəfli və qürurverici dövrünü
yaşayır. İşğal altındakı ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 44
günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə və lokal xarakterli
antiterror tədbirləri nəticəsində azad edilməsi, suverenliyimizin bərpası milli
inkişafımızın yeni mərhələsinin başlanğıcıdır. Şanlı Zəfər sayəsində
Konstitusiyanın hüquqi qüvvəsi və vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş
hüquqları işğaldan azad olunmuş Azərbaycanın ərazisində tam bərpa edildi.
Vurğulanıb ki, işğaldan azad edilmiş torpaqlarda qısa
zaman kəsiyində aparılan bərpa və quruculuq işləri, genişmiqyaslı infrastruktur
layihələrinin icrasının başa çatdırılması, eyni zamanda, həmin ərazilərdə əhalinin
məskunlaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi
iradəsinin təcəssümüdür.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik
etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan
uğurlu sosial, mədəni iqtisadi və intellektual sərmayələrin xalqımızın
istiqlaliyyət qazanmasına zəmin yaratmasından bəhs edilib. Qeyd olunub ki, Heydər
Əliyev tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı
ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil dövlətimizin qurucusu, azərbaycançılıq
ideologiyasını yaşadan, xalqımızın iradəsini ifadə edən siyasi lider kimi, cəsarətli
və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub.
Konfransın praktiki hissəsində “Konstitusiya nəzarət
orqanlarının subsidiarlıq prinsipi”, “Azərbaycan Respublikasının əmək
qanunvericiliyinin təkmilləşdirilməsi zamanın tələbidir”, “Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsində insan və vətəndaş hüquqlarının və
azadlıqlarının təminatı” və digər hüquqi mövzular üzrə məruzələr səsləndirilib,
hüquq elminin aktual məsələlərinə toxunulub və geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda sədr Fərhad Abdullayev xüsusilə qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamı kimi Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu və milli maraqlara söykənən siyasət, həyata keçirilən dövlət proqramları və genişmiqyaslı layihələr ölkəmizin dayanıqlı inkişafına, həmçinin Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirib, Vətənimizi qalib ölkəyə çevirib. Əzəli torpaqlarımızın geri qaytarılması, işğaldan azad edilmiş ərazilərimizdə qısa zaman kəsiyində nəhəng bərpa-quruculuq işlərinin həyata keçirilməsi və əhalinin məskunlaşdırılması hər birimizi qürurlandırır və bizi dövlət başçısının ətrafında sıx birləşərək böyük uğurlara imza atmağa ruhlandırır.