Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəhbərliyi və hakimləri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunublar

Xəbərlər

2024 Mar

28.03.2024

Martın 28-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikası yubiley medalı ilə təltif olunma mərasimi keçirildi.

Tədbiri açan sədr Fərhad Abdullayev ilk öncə Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Fərhad Abdullayev Dövlət Başçısı cənab İlham Əliyevin 2023-cü ili Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan etməsi və bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edildiyini, həmçinin Konstitusiya Məhkəməsi tərəfindən də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərinin keçirildiyini qeyd edib.

Qeyd olunub ki, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı 2023-cü il 11 aprel tarixli Qanunla təsis edilmişdir.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bir sıra dövlət qurumları, o cümlədən Konstitusiya Məhkəməsinin rəhbərliyi və hakimləri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunublar.

Sədr bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, möhkəm dövlətçilik təsisatlarının siyasi, hüquqi, iqtisadi  bünövrəsini qoydu, ölkəni parçalanmadan və müstəqilliyimizi itirilmə təhlükəsindən qorudu. Sağlam təməllər üzərində qurulan Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutub.

Vurğulanıb ki, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı olmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoyub. Azərbaycan Respublikasının ərazisinin vahid, toxunulmaz və bölünməz olduğunu bəyan edən Əsas Qanun bir çox mütərəqqi,  demokratik prinsipləri və dəyərləri özündə ehtiva edib.

Bildirilib ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edərək yeni reallıqlar yaratdı. Sədr qeyd edib ki, ötən ilin sentyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qəhrəman Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlətimizin suverenliyini onun bütün ərazisində tam təmin etdi və xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi.

İndi işğaldan azad edilmiş bütün torpaqlarda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bu ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və keçmiş məcburi köçkünlər artıq öz doğma torpaqlarına qayıdırlar.

İşğal olunmuş torpaqların azad edilməsi və dövlətin ərazi bütövlüyünün təmin edilməsi həm də vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqlarının bərpası oldu. 

Həmçinin Sədr Heydər Əliyev Fondunun çoxsahəli fəaliyyətini, Fond tərəfindən ölkədə və xaricdə yüksək səviyyədə təşkil edilən və keçirilən tədbirləri qeyd edərək, bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə xüsusi nəvaziş, diqqət və qayğı ilə yanaşılıb, onların sosial təminatı istiqamətində mühüm işlər görülür.

Sədr təltif edilən həmkarları təbrik edərək qeyd etdi ki, Dövlət Başçısı tərəfindən Konstitusiya Məhkəməsinin fəaliyyətinə verdiyi bu qiymət Məhkəmənin kollektivi üçün yüksək etimadın təzahürüdür və Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə bu etimadı doğrultmağa daim çalışacaqdır.

İclasa yekun vuraraq, Konstitusiya Məhkəməsinin sədri Məhkəmənin fəaliyyətinə və onun kollektivinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha dərin minnətdarlığını ifadə edib. Sədr vurğulayıb ki, Konstitusiya Məhkəməsinin kollektivi Prezident cənab İlham Əliyevin bu etimadını layiqincə doğruldacaq, öz işlərində daha böyük məsuliyyətlə fəaliyyət göstərəcək və yeni uğurlar əldə etməyə çalışacaqlar.