13.02.2024
Fevralın
13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun iclası keçirilib.
İclas
növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən
elan olunmasına həsr edilib.
Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq bildirib ki,
xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclasında 2024-cü il fevralın 7-də
keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin
yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) 2024-cü il 11 fevral
tarixli protokolunun təsdiq və rəsmən elan edilməsinə dair konstitusiya işinə
baxılacaq.
Məhkəmə
iclasının katibi deyib ki, iclasda xüsusi konstitusiya icraatı üzrə maraqlı
subyekt qismində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr
müavini Rövzət Qasımov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov,
komissiyanın digər üzvləri, habelə ekspert qismində Dövlət Statistika Komitəsinin
ümumi şöbəsinin müdiri Sevda Süleymanova və Aparatın statistika şöbəsinin
sektor müdiri Fərid Əhmədov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin
Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib
Şükürov, İnsan hüquqları və informasiya hüququ kafedrasının professoru, hüquq
elmləri doktoru Etibar Əliyev iştirak ediblər.
Sonra
Fərhad Abdullayev məhkəmənin tərkibini elan edib.
“Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi haqqında” Qanunun 43-cü maddəsinə əsasən
maraqlı subyektlərin qanuni nümayəndələrinin hüquq və vəzifələrini izah edən
Konstitusiya Məhkəməsinin sədri bildirib ki, onlar bu Qanuna əsasən, iclasda
çıxış edə, sübutları təqdim edə, ekspertlərə suallar verə və sualları
cavablandıra bilərlər.
Məruzəçi
kimi çıxış edən hakim Sona Salmanova bildirib ki, “Konstitusiya Məhkəməsi
haqqında” Qanunun 40.3.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası
Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan edilməsi ilə əlaqədar işlərə
xüsusi konstitusiya icraatı qaydasında baxılır. 2016-cı il 26 sentyabr tarixli
ümumxalq səsverməsi – referendumla Azərbaycan Respublikası Konstitusiyasının
101-ci maddəsinin 1-ci hissəsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycan
Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst,
şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
Diqqətə
çatdırılıb ki, Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən MSK səsvermə günündən
başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və
nəticələri təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq
Konstitusiya Məhkəməsinə təqdim edir. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri
haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək
fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti
seçkilərinin nəticələri barədə 2024-cü il 11 fevral tarixli protokol tərtib
edib. Səsvermənin nəticələri haqqında MSK-nın protokolu, qərar və ona əlavə
olunmuş sənədlər səsvermənin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün
Konstitusiya Məhkəməsinə təqdim olunub. “Konstitusiya Məhkəməsi haqqında”
qanunun 56.3-cü maddəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin Plenumu
seçkilərin yekunlarına dair MSK-nın sənədlərinin Seçki Məcəlləsinin tələblərinə
uyğun olduğunu müəyyən etdikdə seçkilərin nəticələrinin təsdiq olunması barədə
qərar qəbul edir.
Daha
sonra məruzəçi hakim Kamran Şəfiyev çıxış edərək diqqətə çatdırıb ki,
seçkilərin nəticələri ilə bağlı MSK tərəfindən təqdim olunmuş protokolun Seçki
Məcəlləsinin tələblərinə uyğun olub-olmamasının öyrənilməsi məqsədilə Dövlət
Statistika Komitəsinin və Bakı Dövlət Universitetinin əməkdaşları iş üzrə
ekspert qismində cəlb olunub. Bundan başqa, “Konstitusiya Məhkəməsi haqqında”
qanunun 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Apellyasiya məhkəmələrindən,
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikasının
Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Prokurorluğundan seçki
hüquqlarının müdafiəsi ilə bağlı baxılmış ərizələr əsasında məlumatlar tələb
etmişdir. Konstitusiya Məhkəməsinə daxil olmuş məlumatlardan göründüyü kimi,
seçki hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində 8,
Sumqayıt Apellyasiya Məhkəməsində isə 1 ərizəyə baxılıb. Həmin ərizələr əsassız
olduğuna görə təmin edilməyib. Ali Məhkəmədən daxil olmuş məlumatlara əsasən,
verilmiş üç kassasiya şikayəti təmin edilmədən saxlanılıb. Gəncə, Şirvan, Şəki
Apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi seçki
hüquqlarının müdafiəsi ilə bağlı hər hansı ərizənin daxil olmadığını bildiriblər.
Azərbaycan Respublikası Prokurorluğunun məlumatına əsasən, seçki hüquqlarının
pozulması ilə əlaqədar bir şikayət üzrə aparılmış araşdırma zamanı həmin şikayətdə
irəli sürülmüş dəlillərin öz təsdiqini tapmadığı müəyyən edilib.
Məruzəçi
hakim bildirib ki, Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq, MSK-nın qərarları
açıq səsvermə yolu ilə komissiyanın iclasında üzvlərinin 18-nin iştirak etdiyi
halda və azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir. Seçki Məcəlləsinin
100.12-ci maddəsində nəzərdə tutulub ki, protokollar komissiyanın həlledici səs
hüquqlu üzvünün ümumi sayının ən azı üçdə ikisi tərəfindən imzalanmalıdır.
MSK-nın təqdim etdiyi protokoldan da göründüyü kimi, bu protokol komissiyanın
18 üzvündən 18-i tərəfindən imzalanıb.
Konstitusiyanın
101-ci maddəsinin II hissəsinə və Seçki Məcəlləsinin 203.4-cü maddəsinə müvafiq
olaraq, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin
yarısından çoxunun səs çoxluğu ilə seçilir. MSK-nın protokolundan göründüyü
kimi, etibarlı hesab edilmiş seçici səslərindən 4 milyon 567 min 458-i və ya
92,12 faizi Əliyev İlham Heydər oğlunun lehinə verilib.
Sonra
maraqlı subyektin qanuni nümayəndəsi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Pənahov çıxış edib. MSK sədri deyib ki, Azərbaycan Respublikasının
Prezidenti tərəfindən növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə
bağlı Sərəncam imzalandıqdan sonra MSK seçkilərin hazırlanıb keçirilməsinə məsul
ali orqan kimi öz işinə başlamışdı. Seçkilər elan edildikdən sonra namizəd kimi
iştirak etmək arzusunda olan 17 subyektdən Mərkəzi Seçki Komissiyasına müraciətlər
daxil olub. Bu müraciətlərin 5-i siyasi partiyalar tərəfindən, 12-si isə namizədliyi
özü tərəfindən irəli sürülmüş şəxslər tərəfindən idi. MSK bütün tərəflərə ilkin
mərhələdə müsbət cavab verib. Komissiyanın iclasında 17 nəfərin namizədliyi təsdiqlənib.
Seçki Məcəlləsinin tələbinə uyğun lazım olan seçici imzalarının toplanması üçün
həmin namizədlər imza vərəqələri ilə təmin edilib. Məcəllənin tələbinə görə, 40
min imza toplamaq tələb olunurdu. Həmin 40 min imza mövcud 125 dairənin 60-dan
toplanmalı idi. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytaran
7 iddiaçının hamısının namizədliyi qeydə alınıb. Onlardan 5-nin namizədliyi
siyasi partiyalar tərəfindən irəli sürülüb, 2-si isə öz təşəbbüsü ilə seçkilərə
qatılıb.
Seçkilərdə
şəffaflığın yüksək səviyyədə təmin olunmasına xüsusi diqqət yetirildiyini deyən
Məzahir Pənahov qeyd edib ki, seçkilər keçirildikdən iki gün ərzində
protokollar MSK-ya təqdim olunur: “Biz bu sənədlərlə tanış olduqdan sonra hər
hansı çatışmazlıqların olub-olmadığını müəyyən edirik. Hər hansı xoşagəlməz hal
olduğu zaman araşdırılır. Budəfəki seçkilərdə araşdırmadan sonra 11 məntəqə
seçki komissiyasında nöqsanlar olduğu aşkar edilib. MSK-nın qərarı ilə həmin
seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb”.
MSK sədri
bildirib ki, prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyasına vətəndaşlar
tərəfindən çoxsaylı müraciətlər daxil olub. Vətəndaşlar xahiş ediblər ki, Mərkəzi
Seçki Komissiyası qeydiyyatdan çıxma vəsiqələri almaları və azad edilmiş ərazilərdə
səs vermələri üçün onlara şərait yaratsın. Onlara izah olunurdu ki, bu, indiki
mərhələdə mümkün olmayan məsələdir.
“Biz Mərkəzi
Seçki Komissiyasının ilk iclasında bu seçkiləri Zəfər seçkiləri adlandırmışdıq.
İlk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərdə səsvermənin necə təşkil
edilməsi ilə bağlı araşdırmalar apardıq. Seçki Məcəlləsinin tələbinə görə,
orada son iki ildə həyata keçirilən tikinti, bərpa və quruculuq işlərində
iştirak edən şəxslər son 6 ay ərzində həmin ərazidə yaşadıqlarına görə onlar da
həmin ərazi üzrə siyahılara daxil edilməli idi. Nəticədə həmin ərazidə təxminən
22 mindən artıq daimi əsaslarla yaşayan seçicini siyahıya aldıq”, - deyə MSK sədri
qeyd edib.
Sonra
Məzahir Pənahov Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını
cavablandırıb.
İclasa
ekspert qismində dəvət olunmuş Dövlət Statistika Komitəsinin ümumi şöbəsinin
müdiri Sevda Süleymanova bildirib ki, Azərbaycan Respublikası
Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral
tarixli protokolu Seçki Məcəlləsinin 100.2-ci, 100.12-ci, 108.2-ci və 203.3-cü
maddələri baxımından düzgün tərtib edilib və qanunvericiliyin tələblərinə
uyğundur.
Digər
ekspert – Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ
kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun rəyinə
əsasən, prezident seçkilərinin nəticələrinə dair MSK-nın protokolu Seçki Məcəlləsinin
müvafiq maddələrinin tələblərinə tam cavab verir.
Ekspertlərin
rəyləri Konstitusiya işinə əlavə olunub.
Sonra
MSK sədri Məzahir Pənahov yekun sözlə çıxış edib. Bildirib ki, Seçki Məcəlləsinin
və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq bu proseslərdə vəzifələri
olan qurumlar öz vəzifələrinin öhdəsindən uğurla gəliblər.
Konstitusiya
Məhkəməsi Plenumunun prezident seçkiləri ilə bağlı keçirilən iclasında hakimlər
qərarın elan olunması üçün müşavirəyə gediblər.
Müşavirədən
sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası
Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair qərarı
oxuyub.
Qərarda
deyilir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolunda əks olunmuş nəticələr
təsdiq edilsin.
Azərbaycan
Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan
Respublikasının Prezidenti seçilmiş elan edilsin.
Qərar
elan olunduğu andan qüvvəyə minir, Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin, habelə Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir edilə bilməz.
Sonra
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Fərhad
Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.