09.02.2024
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
Məhkəmə
iclasında Azərbaycan Respublikasının Ali Məhkəməsinin müraciəti əsasında Miqrasiya
Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “yetkinlik
yaşına çatmayan vətəndaşın ölkədən getməsinə valideynlərindən birinin razılığı
olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll
edən məhkəmənin qərarı” ifadəsinin Ailə Məcəlləsinə uyğun olaraq uşağın
valideynlərdən birinin yanında saxlanılmasına dair məhkəmə qətnaməsini ehtiva
edib-etməməsi baxımından həmin maddənin üçüncü cümləsinin Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 28-ci maddəsinin
III hissəsi, 147 və 149-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə
dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Ali Məhkəməsinin və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Bakı
Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin
rəyini və iş materiallarını araşdırıb müzakirə edərək,
qərar qəbul edib.
Qərarda
deyilir ki, Miqrasiya Məcəlləsinin
11.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “yetkinlik yaşına
çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmə qərarı” ifadəsi
Ailə Məcəlləsinə uyğun olaraq uşağın hansı valideynin yanında saxlanılmasına
dair qətnaməni ehtiva etmir.
Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin
VI hissəsi, 28-ci maddəsinin III hissəsi və 129-cu maddəsinin I hissəsi
baxımından Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə uşağın valideynlərdən biri ilə
saxlanılmasına dair məhkəmə qərarının mövcud olduğu halda, onun həmin valideyn
ilə ölkədən getməsi üçün digər valideynin razılığının tələb olunmamasına dair
müddəanın əlavə edilməsi Milli Məclisinə tövsiyə edilsin.
Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi
ilə bağlı məsələlərin məhkəmə tərəfindən həlli üçün qısaldılmış prosessual müddətlərin
müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.