Konstitusiya Məhkəməsinin Plenumu AR MM 6.2, 390.1; 390.5 mad. və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun 19 mad.III his. Konstitusiyanın 61 mad. və AR MM 16.1; 560.2 mad. ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Xəbərlər

2023 Dec

25.12.2023

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Biləsuvar Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Biləsuvar Rayon Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələbləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi baxımından hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 339.1 və 560.2-ci maddələrinə uyğun olaraq, hüquqi yardım xidmətinin göstərilməsi haqqında müqavilələrin işin uğurlu nəticəsinə görə mükafatı nəzərdə tutan müddəalarının ağır şərtli əqd olaraq hüquqdan sui-istifadə təşkil edib-etmədiyi məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.