20.10.2023
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri baxımından Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci, 18.6-cı, 43.3-1-ci, 54.2-ci
və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə
baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Şəki
Rayon Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmə, Baş
Prokurorluq və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini və iş
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X
hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla
yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar
qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb
olunması üçün bu Məcəllənin 18.5-ci və 103-cü maddələrinə əsasən məhkəməyə göndərməkdə
haqlıdır.