Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Türkiyə Respublikası Ali Məhkəməsinin nümayəndə heyəti ilə görüş olub

Xəbərlər

2023 Oct

17.10.2023

Oktyabrın 17-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin sədri cənab Mehmet Akarcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev qonaqları salamlayaraq bildirdi ki, bu gün Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına əsaslanaraq Azərbaycan–Türkiyə dövlətləri arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətləri bütün istiqamətlərdə uğurla inkişaf edir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikası Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət böyük geosiyasi və iqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan bu münasibətlər daim güclənir.

Qeyd olunub ki, 44 günlük  Vətən müharibəsi dövründə və bu ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri anti-terror tədbirləri zamanı Türkiyə hakimiyyətinin və xalqının Azərbaycan ilə həmrəyliyini bütün dünyaya nümayiş etdirmiş, eləcə də erməni işğalına və təxribatına qarşı apardığı mübarizədə dövlətimizin və xalqımızın haqq işini müdafiə etmişdir. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də bütün türk dünyasının tarixi Qələbəsidir.

Vurğulanıb ki, ölkəmizin Konstitusiyasının hüquqi qüvvəsi artıq işğaldan azad olunmuş əzəli torpaqlarımızda daim qüvvədə olacaq.

Diqqətə çatdırılıb ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sahəsində də əməkdaşlıq  keyfiyyətcə yeni mərhələdə davam edir və birgə fəaliyyət nəticəsində mövcud əlaqələr daha da gücləndirilir.

Görüşdə Fərhad Abdullayev Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən sonra Konstitusiya Məhkəməsinin yaranması və fəaliyyəti haqqında məlumat verib.

Daha sonra çıxış edən Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin Türkiyədə böyük sevinclə qarşılandığını, Türkiyə Respublikasının rəhbərliyinin və xalqının Azərbaycanı siyasi və mənəvi cəhətdən dəstəklədiyini, Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirmiş və gələcəkdə də Azərbaycanı hər zaman olduğu kimi dəstəkləyəcəyini qeyd edib.

Həmçinin bildirildi ki, bu il Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələdən zərərçəkənlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə həyata keçirilən humanitar yardım aksiyaları və yüz minlərlə azərbaycanlının bu ümüxalq aksiyasına dəstəyi qardaş türk xalqı tərəfindən yüksək qiymətləndirilir. Mərhəmətli, humanist, vətənpərvər Azərbaycan qadınının və xalqımızın birlik nümayiş etdirərək böyük faciə ilə üzləşən türk xalqına dəstəyi iki xalq arasında sarsılmaz qardaşlıq, dostluq münasibətlərinin əbədiliyini növbəti dəfə sübut etdi.

Vurğulanıb ki, məhkəmələr arasında əməkdaşlıq ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verir və bu münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər  ətrafında fikir mübadiləsi aparılmış, məhkəmə hüquq sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilmişdir.

Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca nümayəndə heyətinin adından səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını bildirdi.

Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə şəkilləri çəkilib.