Konstitusiya Məhkəməsinin Plenumu AR Cəzaların İcrası Məcəlləsinin 17.1-ci, 17-1.1-ci, 17-1.5-ci və 17-1.6-cı mad. AR CM-in 93-1.1-ci mad. ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Xəbərlər

2023 Aug

01.08.2023

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci, 17-1.1-ci, 17-1.5-ci və 17-1.6-cı maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğunun, Ali Məhkəməsinin, Vəkillər Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci, 17-1.1-ci, 17-1.5-ci və 17-1.6-cı maddələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin cəza müddəti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən müalicəsinin həyata keçirilməsini istisna etmir.

Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin təxirəsalınmaz müalicəsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin hüquqi təyinatı və məqsədinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə uyğun olaraq, barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ixtisaslaşdırılmış tibb müəssisələrində ambulator qaydada müalicə oluna bilərlər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.