26.07.2023
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmə, Mərkəzi Bank, Vəkillər Kollegiyası, Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Banklar Assosiasiyasının mütəxəssis mülahizələrini, ekspert, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir.
“Banklar haqqında” Qanunun 81-ci, habelə İnzibati Prosessual Məcəllənin 131-ci və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.