Konstitusiya Məhkəməsinin Plenumu CM-in 306-cı mad. “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və CPM-in 39-cu, 40-cı, 41-ci və 43-cü mad. ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Xəbərlər

2023 Jul

21.07.2023

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 40-cı, 41-ci və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Gəncə Apellyasiya Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, professor, hüquq elmləri doktoru F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxsin həmin maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.