18.07.2023
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda
Prokurorluğun sorğusu əsasında Cinayət Məcəlləsinin 234.4.4-cü və 236-cı maddələrinin
İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı
subyektlərin nümayəndələri Baş Prokurorluq və Milli Məclis Aparatının
mülahizələrini, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Gəncə Apellyasiya
Məhkəməsinin, Şirvan Apellyasiya Məhkəməsinin, Vəkillər Kollegiyasının Rəyasət
Heyətinin, Daxili İşlər Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri
doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar
qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII
hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan
edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik
vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz
dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya
informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı
fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini
ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil,
işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2-ci, 234.3-cü, 234.3-1-ci,
234.4.1-ci, 234.4.2-ci və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət
tərkibini yaradır.
Azərbaycan
Respublikası Konstitusiyasının norma və prinsiplərini nəzərə alaraq Birləşmiş
Millətlər Təşkilatının “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasının (3-cü
maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin (iii) abzasının) tələblərinə riayət
edilməklə, narkotik vasitələrin və ya psixotrop maddələrin təşviqinə görə
cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli
Məclisinə tövsiyə edilsin.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.