14.07.2023
“Konstitusiya
Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənədlərə
əsaslanaraq qəbul etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər
hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin
möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına
xidmət edir”.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev
“Ötən
illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi
qərarlarla Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin
edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin,
dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları
nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və
müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə
dəyərli töhfə vermişdir.
Əminəm
ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və
konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməyəcəkdir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bu
günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi
orqanının - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə
başlamasının 25 illiyi tamam olur. Bu yubiley tarixinin Azərbaycan xalqının
Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət
Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsi Konstitusiya
Məhkəməsi üçün olduqca əlamətdardır.
Dövlətimizin
başçısı İlham Əliyevin 2022-ci il sentyabrın 29-da “Azərbaycan Respublikasında
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında qeyd
edilib: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından
uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş
qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər
Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla
irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.
XX
əsrin 90-cı illərində Azərbaycan olduqca mürəkkəb dövrdən keçərək dövlət
müstəqilliyini bərpa etməsinə baxmayaraq, məhz Ulu Öndər Heydər Əliyevin ölkə
rəhbərliyinə qayıdışından sonra respublikada demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğu və vətəndaş cəmiyyətinin təşəkkülü mümkün olub. Ümummilli
Liderin müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində qətiyyətli və
prinsipial mövqeyi sayəsində ölkədə baş verən özbaşınalığa və hərc-mərcliyə son
qoyulub, nəticədə ictimai-siyasi sabitlik tam bərqərar edilib. Müasir
Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin 30 il əvvəl, 1993-cü ildə
ölkənin siyasi rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə sabitliyin təmin
olunması genişmiqyaslı islahatların həyata keçirilməsinə əlverişli şərait
yaratdı. Məhz Ulu Öndərin ardıcıl, məqsədyönlü siyasəti nəticəsində hərtərəfli
inkişafa nail olundu, ictimai-siyasi sabitlik bərpa edildi, hüququn aliliyi,
beynəlxalq birliyə inteqrasiya, vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesi
həyata keçirildi. Bunların hamısı dahi şəxsiyyət Heydər Əliyevin tarixi
xidmətləridir.
Ulu
Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qarşıda duran əsas
vəzifələr ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, iqtisadi siyasət
sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, kompleks xarakter
daşıyan islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının
hazırlanması idi. Demokratik və hüquqi dövlət quruculuğunu əsas inkişaf
istiqaməti olaraq seçən ölkəmizdə bu vəzifələrin yerinə yetirilməsi və
məqsədlərə nail olunması üçün qısa müddətdə irimiqyaslı qanunvericilik islahatları
reallaşdırıldı. Həyata keçirilən islahatlar çərçivəsində ən mühüm hadisə
1995-ci il noyabrın 12-də Ümumxalq səsverməsi - referendum yolu ilə müstəqil
Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu. Şübhəsiz ki, Ümummilli
Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ölkənin Əsas Qanununun
hazırlanaraq qəbul edilməsi müstəqillik illərinin ən mühüm nailiyyətlərindən
biri oldu. Belə ki, cəmiyyətin həyatının bir çox sahələrində dəyişikliklərə yol
açaraq Konstitusiya insan hüquq və azadlıqlarının təminatı üçün əlverişli
şərait yaratdı, ölkədə müasir, vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab
verən dövlətçiliyin formalaşmasında vacib addım oldu. Konstitusiya Azərbaycan
Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir,
öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını
müəyyən etməyi xalqımızın suveren hüququ kimi təsbit edir. Bundan əlavə, Əsas
Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan
edir, respublikamızda dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla,
xarici məsələlərdə isə yalnız Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir, insan və
vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının
vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi
olaraq təsbit edir.
Əsas
Qanun ölkədə demokratik dövlət quruculuğu və cəmiyyətin gələcək inkişafı üçün
davamlı hüquqi zəmin yaratdı. Məhz həmin dönəmdə Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi baxımından tariximizin ən vacib dövrünün təməli qoyuldu.
Əsas Qanunun qəbulundan sonra milli qanunvericiliyin təkmilləşdirilməsi və
mütərəqqi beynəlxalq təcrübəyə əsaslanması istiqamətində olduqca mühüm addımlar
atıldı. Konstitusiyaya uyğun olaraq, yeni hüquq sistemi formalaşdırmaq
məqsədilə Ulu Öndər qabaqcıl beynəlxalq təcrübəni, demokratik dəyər və
prinsipləri, eyni zamanda xalqımızın dövlətçilik tarixi və ənənələrini rəhbər
tutmaqla genişmiqyaslı islahatlara başladı.
Xüsusilə
vurğulanmalıdır ki, ölkəmizdə müasir məhkəmə-hüquq sisteminin bərqərar edilməsi
məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il Konstitusiyasının
dövlət və hüquq sisteminə gətirdiyi əsas yeniliklərdən biri də demokratik hüquqi
dövlətin təməl daşlarından biri hesab olunan müstəqil məhkəmə hakimiyyətinin
yaradılması oldu. Əsas Qanunun qəbulundan sonra müstəqil məhkəmə hakimiyyətinin
fəaliyyətinin təmin edilməsinə yönələn qanunvericilik bazası yaradılıb, hər
kəsin hüquq və azadlıqlarının daha səmərəli müdafiə edilməsi üçün çoxpilləli
məhkəmə sistemi formalaşdırılıb. Konstitusiyada təsbit edilmiş hakimiyyətlər
bölgüsü prinsipinə müvafiq olaraq məhkəmə hakimiyyəti orqanları həm də
keyfiyyət baxımından yeni funksiyalar əldə etdi.
Dövlətimizin
Əsas Qanunu qəbul edildikdən sonra 1998-ci ildə konstitusiya nəzarəti orqanı
olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Belə
ki, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilib, 1998-ci il iyulun 14-də Milli Məclisin
qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə və həmin ilin
iyulun 18-də Ulu Öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini
və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərmanla
Konstitusiya Məhkəməsi rəsmi olaraq fəaliyyətə başladı. Qeyd edilməlidir ki,
ölkəmizdə konstitusiya nəzarəti orqanının fəaliyyətə başlaması, o cümlədən bu
orqanın müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və
müdafiəsinin gücləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə
bilavasitə bağlıdır.
Konstitusiya
Məhkəməsinin yaradıcısı olaraq bu təsisatın əsas vəzifələrindən birini
Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının qorunmasında görən
Ulu Öndər Heydər Əliyev bu Məhkəmənin yaradılmasının beşinci ildönümü
münasibətilə müraciətində qeyd edib: “Konstitusiya Məhkəməsinin insan
hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənədlərə əsaslanaraq qəbul
etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər hüquq və
azadlıqlarının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin
möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına
xidmət edir”.
Konstitusiya
Məhkəməsi Ulu Öndərin bu sözlərini hər zaman rəhbər tutur və üzərinə qoyulan bu
vacib missiyanın öhdəsindən gəlməyə çalışır. Səlahiyyətlərinə aid edilmiş
məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya
Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin
əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsinin
fəaliyyətindən bəhs edərkən qeyd edilməlidir ki, Məhkəmənin əsas səlahiyyətləri
Konstitusiyanın 130-cu maddəsində əksini tapıb. Qanunvericilik və icra
hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının
Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun
yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Bu
səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların
aliliyini təmin edir. Məhkəmə tərəfindən yoxlanılan norma məhz Əsas Qanunun
hərfinə və ruhuna, o cümlədən onun təməl prinsiplərinə uyğunluğu baxımından
qiymətləndirilir.
Konstitusiya
Məhkəməsinin digər mühüm səlahiyyəti Konstitusiyanın və qanunların şərhidir.
Konstitusiya Məhkəməsi tərəfindən verilən şərhin əsas məqsədi Konstitusiya və
qanunların müvafiq müddəalarının başa düşülməsində qeyri-müəyyənliyin aradan
qaldırılması, eyni zamanda, bu müddəaların həqiqi mənasını və məzmununu müəyyən
etmək və bununla da, onların vahid tətbiqi qaydasını müəyyən etməkdir.
Konstitusiya Məhkəməsi bu səlahiyyətini müvafiq hüquq subyektlərinin sorğuları
və məhkəmələrin müraciətləri əsasında həyata keçirir.
Qeyd
edilməlidir ki, Konstitusiya Məhkəməsi digər məhkəmələrlə qarşılıqlı əməkdaşlıq
münasibətlərinin inkişafına hər zaman böyük diqqət yetirir. Konstitusiya
Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar sırasında məhkəmələrin
müraciətləri əsasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış
qərarlar xüsusi çəkiyə malikdir. Belə ki, məhkəmələrin müraciətləri əsasında
qəbul edilmiş qərarlar qanunvericilikdə mövcud olan qeyri-müəyyənliklərin
aradan qaldırılmasına yönəlməklə, vahid məhkəmə təcrübəsinin formalaşmasına
töhfəsini verir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əksini tapan
hüquqi mövqelərin məhkəmələr tərəfindən birmənalı tətbiqi, eyni zamanda,
məhkəmə təcrübəsinin stabilliyinə xidmət edir və nəticə etibarilə
hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir.
Ümummilli
Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 2002-ci il avqustun 24-də
keçirilmiş referendumla Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində
Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərini nəzərdə tutan 130-cu maddəyə V,
VI və VII hissələr əlavə edilib. Nəticədə konstitusiya ədalət mühakiməsi
orqanına müraciət etmək hüququna malik subyektlərin dairəsi genişləndirilib.
Həmin əlavələrə əsasən, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), məhkəmələr
və hər kəs Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə edib.
Konstitusiya
Məhkəməsinin əsas səlahiyyətlərindən bəhs edərkən fərdi şikayətləri, mahiyyət
və təyinatına əsasən isə konstitusiya şikayətlərini xüsusilə qeyd etmək
lazımdır. 2002-ci ildə keçirilmiş konstitusiya islahatlarından və 2004-cü ildə
“Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun qüvvəyə minməsindən sonra
Konstitusiya Məhkəməsində konstitusiya şikayətləri institutu tətbiq edilməyə
başladı. Qanunvericiliyə edilmiş bu dəyişikliklər Konstitusiya Məhkəməsinin
fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olub, insan
hüquq və azadlıqlarının müdafiəsi üçün əhəmiyyətli vasitənin əldə edilməsi
baxımından mühüm zəmin yaradıb. Müasir hüquq doktrinasında konstitusiya
şikayəti institutu insan hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinin
effektiv mexanizmi olaraq qəbul edilir və Əsas Qanunun aliliyinin təmin
olunmasının səmərəli və etibarlı vasitələrindən biri qismində çıxış edir.
Ümumilikdə,
Konstitusiya Məhkəməsi fəaliyyət göstərdiyi illərdə pozulmuş hüquq və
azadlıqların bərpa edilməsinə yönələn bir sıra mühüm qərarlar qəbul edib, daxil
olan sorğu və müraciətlər əsasında qanunların və digər normativ hüquqi aktların
düzgün anlamı və tətbiqinə dair rəsmi şərhlər və izahlar verib. Ötən 25 ildə
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 545 qərar və 161
qərardad qəbul edilib. Bu qərar və qərardadların böyük hissəsi Əsas Qanunda
təsbit olunmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə
bağlı olub.
Xüsusilə
vurğulanmalıdır ki, 1998-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Konstitusiya
Məhkəməsi fəaliyyətə başladıqdan sonra Ümummilli Lider Heydər Əliyev dövlət
başçısı olaraq Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququndan
istifadə edib. Belə ki, Ulu Öndər Heydər Əliyev Konstitusiyanın 149-cu
maddəsinin VII hissəsinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
haqqında” Qanunun 29.1-ci maddəsinə şamil edilməsinə dair müvafiq şərhin
verilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib. Bu sorğu ilə
bağlı Konstitusiya Məhkəməsinin Plenumu 2000-ci il 28 avqust tarixli Qərarında
qeyd edib ki, sorğuda qaldırılan məsələ seçkilərdə Azərbaycan Konstitusiyasında
nəzərdə tutulmuş hüquq və təminatların bərqərar olunmasına yönəlib. Həmin
qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlib ki,
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə müvafiq olaraq “Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunun 29.1-ci maddəsinin
müddəaları yalnız bu Qanunun qüvvəyə minməsindən sonra Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun olaraq yaranan və müvafiq icra hakimiyyəti orqanından
müəyyənləşdirilmiş qeydiyyat şəhadətnaməsi alan siyasi partiyalara şamil
edilir. Ulu Öndər Heydər Əliyevin sorğu ilə Konstitusiya Məhkəməsinə müraciət
etməsi bizim Məhkəmə üçün olduqca əhəmiyyətli hadisə olmaqla, eyni zamanda
milli qanunvericiliyin təkmilləşdirilməsinə yönəlib.
Ötən
fəaliyyət dövrü ərzində də daxil olmuş sorğu, müraciət və şikayətlərə dair bir
sıra mühüm qərar və qərardadlar qəbul edilib. Belə ki, Konstitusiya Məhkəməsi
Plenumunun Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü
maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 2023-cü il 12 yanvar tarixli
qərarında qeyd olunub ki, nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai
təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi
münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin
məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və
iradəli tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri
fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə
qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus
xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur.
Konstitusiya
Məhkəməsinin Plenumunun qənaətinə görə, “arzu etmək”, “şüurlu” kimi
kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın
subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli
şəxslərinin təqsiri ilə əlaqədə müəyyənləşdirilir. Beləliklə, hüquqi şəxsin
inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli
şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir,
təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan
şəxslərin təqsirinin törəməsidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edib ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb
edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin
baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının
olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata
keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə
münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Bu Qərarında
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, İnzibati Xətalar
Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya
maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən
vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində
Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən
inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb
edilə bilər.
Digər
bir qərar, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin
şərh edilməsinə dair” 2023-cü il 11 aprel tarixli qərarında Konstitusiya
Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə və
həmin maddənin “Qeyd” hissəsinə istinad edərək bildirib ki, qeyd olunan
normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əməkhaqqının azı bir
faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən edib. İlk növbədə
əməkhaqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri
üzündən baş verməlidir. Maddənin tətbiqində qeyri-müəyyənlik yaradan məsələ isə
əməkhaqqının gecikdirilməsinin fərdi əmək mübahisəsinə səbəb olduğu halda ödəncin
verilib-verilməməsi ilə bağlıdır. Qərarda göstərilib ki, əmək münasibətləri
çərçivəsində əməkhaqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan
kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi
üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc
bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin
növü kimi çıxış edir. Həmçinin əmək qanunvericiliyinin tələblərindən irəli
gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış
edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə
əlaqələndirilməməlidir.
Formalaşdırılmış
hüquqi mövqedə qeyd edilib ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci
hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən
imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə
məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız
fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi
məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının
əsasını təşkil edən əməkhaqqı hüququnun pozulmasına görə işəgötürənin
məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin
əməkhaqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin
verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız
edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya
çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum
edir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki,
əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi
əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci
hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı
bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin
yarandığı hala da şamil edilir. Eyni zamanda qeyd edilib ki, Əmək Məcəlləsinin
296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu
aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət
edə bilər.
Bakı
Apellyasiya Məhkəməsinin digər müraciəti əsasında qəbul edilən “Azərbaycan
Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci
maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci
və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 16
iyun tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin və
Torpaq Məcəlləsinin müvafiq maddələrinə istinad edərək qeyd edib ki, eyni
məsələni tənzimləyən göstərilən normalar bir-birindən fərqli iki qayda müəyyən
etdiyindən qanunvericilikdə kolliziya yaranıb. Qeyd edilib ki, konkret iş üzrə
faktiki halların araşdırılması və qanunvericiliyin təfsiri əsasında tətbiq
olunmalı olan normaların seçiminin, ilk növbədə, Konstitusiyanın 147-ci
maddəsinin II hissəsinin və 149-cu maddəsinin müvafiq müddəalarına uyğun həyata
keçirilməsi və iyerarxiya prinsipinin tətbiq olunması ümumi yurisdiksiyalı
məhkəmələrin hüquq tətbiqedici fəaliyyətinin təzahürü kimi qəbul edilməlidir.
Qərarda göstərilib ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi və
75-ci maddəsinin 2-ci hissəsində, həm də Mülki Məcəllənin 719.1-ci və 719.4-cü
maddələrində nəzərdə tutulan normalar 2011-ci il fevralın 17-dən əvvəl qüvvəyə
minib. Bu səbəbdən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun
2.5-ci maddəsi həmin normalar arasında olan kolliziyanın aradan qaldırılmasında
tətbiq edilə bilməz. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu hesab
edib ki, müraciətdə göstərilən kolliziyanın aradan qaldırılması Torpaq
Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsində təsbit olunmuş xüsusi kollizion
normanın tətbiqi ilə həyata keçirilməlidir. Bu Qərarda Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Torpaq Məcəlləsinin 73-cü
maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Mülki Məcəllənin
719.1-ci və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq
münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan
kolliziya bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi
mövqelərə uyğun olaraq Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq
edilməklə həll olunmalıdır.
Qeyd
edilməlidir ki, Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin müasir
təcrübə və inkişaf meyillərinin öyrənilməsinə, həmçinin bu təcrübənin
Məhkəmənin fəaliyyətində tətbiq edilməsinə hər zaman xüsusi diqqət yetirir.
Konstitusiya Məhkəməsinin Plenumu qəbul edilən bir sıra qərarlarında beynəlxalq
hüquqi aktların, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında” Konvensiyanın müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququna, həmçinin respublikamızın tərəfdar çıxdığı digər beynəlxalq
müqavilələrə istinadlar edir.
Ümumiyyətlə,
ötən 25 ildə öz hüquqi mövqelərini daha da əsaslandırmaq məqsədilə Konstitusiya
Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən 404 qərarında beynəlxalq hüquq
normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və
xarici ölkələrin konstitusiya ədalət mühakiməsi orqanlarının təcrübəsinə
istinadlar edilib. Həmçinin Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı vaxtdan
beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verərək, xarici
ölkələrin konstitusiya nəzarəti orqanları və bir sıra beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq edir. Hazırda Məhkəməmiz Avropa Şurası Venesiya Komissiyasının
Ədalət Mühakiməsi üzrə Birgə Şurası, Avropa Konstitusiya Məhkəmələri Konfransı,
Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Asiya Konstitusiya
Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası, Avrasiya Konstitusiya
Nəzarəti Orqanları Assosiasiyası, İslam Dünyası Konstitusiya Yurisdiksiyaları
Konfransı, Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının tamhüquqlu
üzvüdür. Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı
çərçivəsində hər il müxtəlif dövlətlərin konstitusiya nəzarəti orqanları,
həmçinin beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan mötəbər tədbirlərdə
iştirak edir. Sonuncu belə tədbirlərdən biri bu il mayın 29-dan iyunun 2-dək
“Məhkəməyə əlçatanlıq: konstitusiya perspektivləri” mövzusunda Asiya
Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının
çərçivəsində keçirilən beynəlxalq simpozium oldu. Bu tədbir çərçivəsində bir
sıra aktual məsələlər barəsində ətraflı fikir mübadiləsi və müzakirələr
aparılıb, məruzələr dinlənilib. Bu cür beynəlxalq konfrans və tədbirlərin
keçirilməsi konstitusiya ədalət mühakiməsi sahəsində qabaqcıl təcrübə
mübadiləsinin aparılması baxımından əlverişli imkanlar yaradır, həmçinin
məhkəmələr və beynəlxalq təşkilatlar arasında yeni əməkdaşlıq münasibətlərinin
qurulması üçün universal bir platformadır.
Konstitusiya
Məhkəməsi gənclər arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə
xüsusi diqqət yetirir. Gənclərin hüquq mədəniyyətinin inkişafı, hüquqi
biliklərinin artırılması, Konstitusiyanın əsaslarının və mahiyyətinin daha
dərindən öyrənilməsi və təbliği məqsədilə ənənəvi olaraq hər il ölkəmizin
müxtəlif bölgələrində ali təhsil müəssisələrinin tələbələri və orta məktəb
şagirdləri arasında hüquq olimpiadaları keçirilir. Belə ki, 2022-ci ilin
oktyabrında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100
illiyi və 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin
əsasları” adlı hüquq olimpiadası respublikanın bir sıra rayonlarında keçirilib.
Eləcə də cari ilin fevral-mart aylarında Ümummilli Lider Heydər Əliyevin 100
illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin, Elm və Təhsil
Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxtda
məktəblilər arasında və Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası
İqtisad Fakültəsində “Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadaları
təşkil edilib.
Konstitusiya
Məhkəməsinin 25 illiyi münasibətilə bu il iyulun 4-də Bakıda “Konstitusiya
normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda
beynəlxalq konfrans keçirilib. Konfransda Türkiyə, Albaniya, Belarus, Bolqarıstan,
Gürcüstan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İndoneziya, Macarıstan,
Serbiya, Tailand Konstitusiya Məhkəmələrinin sədr və hakimləri, habelə
Azərbaycanın bir sıra dövlət orqanlarının rəhbərləri və nümayəndələri, alimlər,
elm xadimləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə konstitusiya ədalət
mühakiməsi ilə bağlı müxtəlif aktual mövzulara dair məruzələr dinlənilib,
müasir dövrdə konstitusiya ədalət mühakiməsinin qarşılaşdığı çağırışlara dair
müzakirələr və fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı İlham Əliyev
Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransın
iştirakçılarına, həmçinin Məhkəmənin hakimləri və əməkdaşlarına müraciət edib.
Azərbaycan Prezidentinin müraciətində deyilir: “Ötən illər ərzində Konstitusiya
Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan
Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, insan hüquq və
azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai
münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla
təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə
hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.
Əminəm
ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və
konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini
əsirgəməyəcəkdir”.
Dövlətimizin
başçısı İlham Əliyevin Konstitusiya Məhkəməsinin fəaliyyətinə yüksək qiymət
verməsi və eyni zamanda etimad göstərilməsi hər birimiz üçün olduqca
əhəmiyyətli və qürurverici olmaqla, həmçinin böyük məsuliyyət deməkdir.
Konstitusiya Məhkəməsi bundan sonra da göstərilən bu yüksək etimadı
doğrultmağa, eləcə də qarşıya qoyulan məqsəd və vəzifələrin öhdəsindən
layiqincə gəlməyə çalışacaq.
Qeyd
edilməlidir ki, tarixi nöqteyi-nəzərdən qısa müddət ərzində dövlətimiz nəhəng
inkişaf yolu keçib. Ölkəmiz dinamik şəkildə inkişaf edərək ildən-ilə güclənir
və bu gün parlaq və qüdrətli dövrünü yaşayır. Şübhəsiz ki, əldə olunan
uğurların əsası məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə
qoyulub. Ulu Öndərin həm sovetlər dövründə, həm də müstəqillik illərində
gördüyü işlər sonralar Azərbaycanda milli dövlətçilik ideyalarının aparıcı
qüvvəyə çevrilməsi və eyni zamanda bütün cəmiyyətin bu ideya ətrafında
birləşməsi üçün şərait yaradıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana
rəhbərliyinin ikinci dönəmində çox önəmli bir istiqamət isə işğal olunmuş
torpaqların azad edilməsi, ərazi bütövlüyünün bərpası idi. İşğalın daha da
genişlənməsinin qarşısını almaq məqsədilə Ulu Öndər tərəfindən dərindən
düşünülmüş və müsbət nəticələrin əldə edilməsinə yönəlmiş mühüm addımlar
atılıb. Məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyəti nəticəsində 1994-cü il
mayın 12-də atəşkəsə dair razılıq əldə olunub. Atəşkəs rejiminin yaratdığı
vəziyyətdən istifadə etməklə Ulu Öndər qısa zamanda Azərbaycanda bir çox
sahənin inkişafında, o cümlədən nizami Milli Ordunun formalaşmasında
əhəmiyyətli dönüş yarada bildi. Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki,
tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, eyni zamanda, dövlət
müstəqilliyini möhkəmləndirmək və hər cür təhdidlərə cavab vermək üçün ordu
quruculuğunda köklü islahatların aparılması, müasir standartlara cavab verən
müasir və güclü Silahlı Qüvvələrin yaradılması olduqca vacibdir.
Müasir
ordu quruculuğu prosesi sonradan Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilərək Silahlı Qüvvələrimiz ən qabaqcıl və nümunəvi ordular sırasına daxil
oldu. Hərbi quruculuq prosesi dövlətimizin başçısının rəhbərliyi ilə mahiyyət
və keyfiyyət baxımından yeni inkişaf mərhələsinə qədəm qoydu. Qazanılan
nailiyyətlər Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Silahlı
Qüvvələrin döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının
yaxşılaşdırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması
istiqamətində aparılan məqsədyönlü siyasət sayəsində mümkün olub.
Qırx
dörd günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Müzəffər Ali Baş
Komandan İlham Əliyevin Ulu Öndərin vəsiyyətinə əməl edərək və xalqımızın 30
illik həsrətinə son qoymaqla dövlətimiz və xalqımız üçün yazdığı milli
dövlətçilik tariximizin qürurlu və şərəfli səhifəsidir. Dövlət başçısı İlham
Əliyevin qeyd etdiyi kimi: “İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim
tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq,
bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq
dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır”.
Qazanılan
şanlı Zəfər tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər
zaman fəxr edəcəyi qəhrəmanlıq salnaməsidir. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, sərkərdəlik məharəti, Ordumuzun
qəhrəmanlığı və xalq-iqtidar birliyi, xalqımızın dövlətimizin başçısı ətrafında
bir məqsəd naminə səfərbərliyi Vətən müharibəsində dövlətimizin şanlı
Qələbəsini təmin edən amillər idi. Bu Qələbə sayəsində dövlətimizin Əsas
Qanunun hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu, eyni
zamanda, vətəndaşlarımızın Konstitusiyada təsbit edilmiş bir sıra hüquqlarının,
o cümlədən sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək, təhlükəsiz yaşamaq
kimi hüquqlarının tam şəkildə bərpası üçün zəmin yarandı.
Bu
gün artıq ölkəmiz üçün yeni reallıqlar, yeni quruculuq, işğaldan azad edilmiş
ərazilərin bərpası və hərtərəfli inkişafı dövrüdür. İşğaldan azad edildikdən
sonra bu ərazilərin tezliklə bərpası və yenidən qurulması, keçmiş məcburi
köçkünlərin öz doğma yurdlarına qayıtması və orada məskunlaşdırılması, regionun
gələcək sosial-iqtisadi inkişafı qarşıda duran əsas vəzifələrdəndir. Hazırda
işğaldan azad olunan ərazilərin bərpa və yenidənqurma prosesi yüksək sürətlə
həyata keçirilir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarına mütəmadi səfərləri və orada aparılan işlərə bilavasitə nəzarət
işğaldan azad olmuş ərazilərimizin bərpa, yenidənqurma prosesinin dövlət
qarşısında duran prioritet istiqamət olmaqla daim diqqət mərkəzində
saxlandığını bir daha təsdiqləyir. Hazırda hər kəs bu ərazilərdə həyata
keçirilən mühüm işlərin şahididir. Burada dağıdılan hər bir kənd və şəhər
tamamilə yenidən qurulur. Vətən müharibəsindən ötən müddətdə Qarabağ və Şərqi
Zəngəzurda möhtəşəm layihələrin təməli qoyulur, bir çox irimiqyaslı layihələr
isə artıq başa çatdırılıb. Elektrik stansiyalarının, geniş yol şəbəkəsinin,
körpü və tunellərin, hava limanlarının, otellərin, istehsalat müəssisələrinin,
sosial infrastruktur obyektlərinin tikintisi göstərir ki, işğaldan azad edilmiş
ərazilərimizin bərpası kompleks xarakter daşıyır. Qısa müddətdə bu cür iri
infrastruktur layihələrinin həyata keçirilməsi bütün dünyada böyük marağa səbəb
olur.
Dövlətimizin
başçısı İlham Əliyevin bilavasitə rəhbərliyi və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş
ərazilərdə müasir infrastrukturun yaradılması və bərpa prosesi ilə bağlı
çoxşaxəli işlər həyata keçirilir. Bu ərazilərdə aparılan bərpa işləri
Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi
ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin əyani göstəricisidir.
İşğaldan
azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən bütün layihələr bir
daha onu göstərir ki, dövlətimiz həmin əraziləri regionun ən inkişaf etmiş
ərazilərindən birinə çevirməyi qarşıya məqsəd olaraq qoyub. Bu ərazilərin böyük
təbii ehtiyatlara malik olması bu məqsədin əldə edilməsinə daha da əlverişli
imkan yaradır. Eyni zamanda gerçəkləşdirilən nəqliyyat layihələri gələcəkdə bu
regionun qonşu ölkələr ilə iqtisadi əlaqələrin qurulmasında əsas tranzit
əraziyə çevrilməsinə imkan yaradacaq. Bu səbəbdən də azad edilmiş ərazilərdə
əlverişli infrastrukturun yaradılması yalnız Azərbaycan üçün deyil, həmçinin
bütün region üçün də olduqca əhəmiyyətlidir.
Keçmiş
məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması arzuları artıq reallığa
çevrilib. 2022-ci il noyabrın 16-da dövlət başçısı İlham Əliyevin imzaladığı
Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Sərəncamda qeyd edilib: “Həyata
keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına
və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin
ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə
yaradır”.
Bu
Dövlət Proqramının məqsədlərinə aiddir: ərazilərdə təhlükəsiz yaşayışı və
dövlət idarəetməsini təşkil etmək; şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin
tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək; müasir
standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək; ərazilərdə
məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək; əhalinin məşğulluq
imkanlarını artırmaq; sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və
əlçatanlığı təmin etmək; dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və
digərləri. Dövlətimiz tərəfindən atılan bu addımlar Konstitusiyamızda təsbit
edilmiş bir sıra sosial hüquqların təmin olunmasından irəli gəlir. Böyük
Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin qısa
zamanda doğma yurdlarına qayıtmaları istiqamətində bütün imkanlar səfərbər
edilib. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə,
Laçın şəhərinə ilk mərhələdə köçürülən ailələr doğma torpaqlarına qayıdıblar.
Bu
gün Azərbaycan sabit və güclü iqtisadiyyatı, maliyyə dayanıqlığı və geniş
resursları olan, olduqca mühüm geosiyasi mövqe tutan, eyni zamanda, enerji
təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan dövlətdir. Beynəlxalq və
regional əməkdaşlığa mühüm töhfələr verməklə, artan iqtisadi gücü və beynəlxalq
nüfuzu sayəsində ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə qlobal
layihələr uğurla icra edilir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi
kimi: “Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini
kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti
istənilən nəticəni əldə etməyə qadirdir”.
Prezident
İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nda qeyd edilib: “Beş fundamental nəticə - qalib dövlət,
beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah
ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu
nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni
sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcək. Əldə
olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə
hesablanmış islahatların nəticəsidir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30
il ərzində belə uğur hekayəsi yaza bilsin”.
Müasir
beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü olan ölkəmiz hər il mötəbər,
beynəlxalq miqyaslı konfranslara, qlobal forumlara, zirvə görüşlərinə və digər
mühüm tədbirlərə, ikitərəfli və çoxtərəfli görüşlərə, idman yarışlarına, musiqi
və incəsənət festivallarına layiqincə ev sahibliyi edir. Şübhəsiz ki, bu
tədbirlər öz növbəsində Azərbaycanın zəngin tarixi və mədəni irsinin,
multikultural dəyərlərinin təbliğinə şərait yaradaraq, ölkəmizin beynəlxalq
aləmdə nüfuzunu daha da yüksəldir.
Bu
cür yüksək nailiyyətlərin əldə edilməsi üçün dövlətimizin başçısı İlham
Əliyevin şəxsi nüfuzu, qətiyyəti, siyasi iradəsi, milli maraqlara əsaslanan
daxili və xarici siyasəti sayəsində çox böyük və ciddi işlər görülüb və
görülməkdədir. Əminliklə bildirmək istərdim ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni nailiyyətlərə imza atmaqda
bundan sonra da davam edəcək. Konstitusiya Məhkəməsi də öz növbəsində, müəllifi
Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunun müdafiəsi, müstəqil dövlətimizin
möhkəmlənməsi, qanunçuluğun qorunması istiqamətində dövlət başçısı İlham
Əliyevin həyata keçirdiyi çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək olaraq,
üzərinə düşən məsuliyyətli vəzifələri bundan sonra da layiqincə yerinə
yetirməyə daim çalışacaq.
Fərhad
Abdullayev
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsinin Sədri