10.07.2023
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illik yubileyi ilə əlaqədar
“Konstitusiya normalarının tətbiqi vasitəsilə
qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransdan
sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Konstitusiya Məhkəmələrinin
sədrlərinin iştirakı ilə “Türk Dünyası Konstitusiya
Yurisdiksiyaları Konfransı” (TÜRK-AY) Təşkilatının çərçivəsində
işçi iclası keçirilmişdir.
İclasın əvvəlində Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
25 illik yubileyi münasibəti ilə gələn qonaqları bir daha salamlayaraq, hər
birinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illik yubileyində
iştirak etdiklərinə görə təşəkkürünü bildirmişdir.
Daha sonra TÜRK-AY-ın
üzvləri xanım Elvira Azimovanı Qazaxıstanda Konstitusiya islahatları nəticəsində
Konstitusiya Şurası əvəzinə Konstitusiya Məhkəməsinin yaradılması və Qazaxıstan
Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin olunmağı münasibətilə
təbrik etmişlər.
Xanım Elvira Azimova öz
növbəsində bütün təbriklərə görə təşəkkürünü bildirərək, qeyd etmişdir ki, Qazaxıstan
Respublikasının Konstitusiya Məhkəməsi üçün TÜRK-AY çərçivəsində həyata keçirilən əməkdaşlıq böyük
əhəmiyyət kəsb edir.
Həmçinin, görüşdə TÜRK-AY-a sədrlik
edən Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan çıxış edərək
xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə beynəlxalq konfrans çərçivəsində TÜRK-AY-ın iclasının keçirilməsini yüksək qiymətləndirir.
TÜRK-AY-ın üzvləri
arasında məhkəmə təcrübəsi və qarşılıqlı
məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı hüquqi məsələlər ətrafında fikir mübadiləsi
aparılmış və Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan
Konstitusiya Məhkəmələrinin sədrləri TÜRK-AY çərçivəsində
gələcəkdə də bu cür işçi iclaslarının keçirilməsinin səmərəliliyini qeyd etmişlər.
Görüşün sonunda Fərhad Abdullayev TÜRK-AY çərçivəsində məhkəmə-hüquq əməkdaşlığını yüksək qiymətləndirmiş, gələcəkdə də bu səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirmişdir.