Konstitusiya Məhkəməsinin Plenumu Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbul edib

Xəbərlər

2023 Jun

16.06.2023

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin Sosial normativ aktlar idarəsi və Milli Məclisi Aparatının mülahizələrini, Müdafiə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin müddəalarının tətbiqi istisna edilir.

Dövlətin diqqət və qayğısında olan həlak olmuş hərbi qulluqçuların valideynlərinin (yaxın qohumlarının) sosial rifahının yaxşılaşdırılması istiqamətində mümkün tədbirlərin davam etdirilməsi müvafiq dövlət qurumları tərəfindən daim nəzərdə saxlanılmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.