17.03.2023
Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Konstitusiya Məhkəməsinin,
Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı
ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası iqtisad fakültəsində
“Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadası keçirilib. Olimpiadaya
Bakı Slavyan Universitetinin Humanitar və Sosial elmlər fakültəsinin Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsində təcrübə keçən tələbələri də qoşulmuşlar.
Hüquq
olimpiadasının nəticələrinin elan olunması ilə əlaqədar təşkil olunmuş tədbirdə
Konstitusiya Məhkəməsi Aparatının məsul əməkdaşları, Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin məsul nümayəndələri, Azərbaycan Dövlət İqtisad Universitetinin
Türk dünyası iqtisad fakültəsinin müəllimləri və tələbələr iştirak etmişlər.
Tədbirdə
əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səsləndirilmiş,
Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Azərbaycan
Dövlət İqtisad Universitetinin Türk dünyası iqtisad fakültəsinin dekanı,
professor, doktor Mehmet Yüce, həmin fakültənin müəllimlərindən h.ü.f.d Xanəhmədov
Nəriman, Muradzadə İmanqulu çıxış edərək bu il ölkə ictimaiyyətinin müstəqil Azərbaycan
dövlətinin qurucusu, xalqımızın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100
illiyini böyük ehtiramla qeyd etməsini bildirmiş, Azərbaycanda demokratik dəyərlərin
bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin
başlanılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusilə
vurğulayaraq, Ulu Öndərin həyata keçirdiyi əsaslı islahatların respublikamızı
inkişaf yoluna çıxarmaqla yanaşı, ilk milli Konstitusiyanın hazırlanması və qəbulu
üçün şərait yaratdığını qeyd etmişlər.
Çıxış
edənlər Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış
yeni Konstitusiyanın dövlət quruluşunun əsaslarını müəyyən edərək, xalqın dövlət
hakimiyyətinin yeganə mənbəyi olmasını bəyan etməsini, milli dövlətçiliyimizin
möhkəmlənməsinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata
keçirilən mütərəqqi hüquqi islahatların əsasının məhz Ümummilli Lider Heydər
Əliyevin adı ilə bağlı olmasını vurğulamışlar.