Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MPM 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2-ci, 152.1.6-cı və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Xəbərlər

2023 Jan

13.01.2023

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2-ci, 152.1.6-cı və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi N.Cəfərov və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Ali Məhkəmənin, Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Mediasiya Şurası İdarə Heyətinin üzvü Ə.Nəbiyevin mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru, hüquq elmləri doktoru E.Əliyevin və həmin fakültənin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.