Konstitusiya Məhkəməsində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Xəbərlər

2022 Sep

27.09.2022

Sentyabrın 27-də Konstitusiya Məhkəməsi Aparatının məsul əməkdaşları İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Daha sonra Konstitusiya Məhkəməsində Anım Günü ilə bağlı tədbir keçirilib.

Konstitusiya Məhkəməsinin hakimlərinin və Aparatının məsul əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev vurğulayıb ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, işğaldan azad edilən torpaqlarımızda Azərbaycan Bayrağını dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi elan olunub.

Sədr diqqətə çatdırıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayaraq, 30 ilə yaxın işğal altında qalan ərazilərimizi azad edib.

Sədr vurğulayıb ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, dövlətimizin başçısı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımız birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində müasir silahla təchiz edilmiş rəşadətli Ordumuz 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsini, həmçinin 5 şəhər və 4 qəsəbəni, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycan Ordusunun hərbi uğurları müharibənin nəticəsini müəyyənləşdirdi və uzun illər davam edən işğala son qoyulmasına nail olundu. 2020-ci il noyabrın 10-da Azərbaycanın Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı.

Sədr çıxışında bildirib ki, müzəffər Azərbaycanın Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və sonradan Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi ordu quruculuğu siyasəti nəticəsində Silahlı Qüvvələrimiz ən müasir silahlar, döyüş texnikası ilə təchiz olunub. İstər hərbi texnika, istərsə də canlı qüvvə baxımından Azərbaycan Ordusu düşmən ordusunu dəfələrlə qabaqlayaraq, öz gücü və qüdrətini ərazi bütövlüyümüz uğrunda gedən haqlı mübarizəmizdə torpaqlarımızı düşmənin tapdağından azad etməklə sübuta yetirdi.

Fərhad Abdullayev rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşünə tab gətirə bilməyən düşmənin təxribatlara əl ataraq, respublikanın bir sıra şəhər və rayonlarını, yaşayış məntəqələrini ballistik raket və ağır artilleriya qurğularından istifadə edərək atəşə tutduğunu, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdiyini qeyd edib və bu qanlı cinayətlərin təşkilatçılarının layiqli cəzalarını almalarının vacibliyini vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını Azərbaycanın özü təmin etdiyini xüsusi vurğulayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. 2020-ci il dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun – “YAŞAT” Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb. Bu da öz növbəsində, şəhid ailələrinin, qazilərin və Qarabağ müharibəsi iştirakçılarının sosial vəziyyətinin yaxşılaşmasına dəstək verilməsinə imkan yaradıb. Respublikamızda hər zaman hərbçilərə, şəhid ailələrinə, qazilərə həm dövlət, həm də xalq tərəfindən yüksək diqqət və davamlı qayğı göstərilir, sosial ehtiyacları təmin edilir və onların rifahının yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi dövlət siyasətinin prioritetlərindən biridir. Bununla bağlı, dövlətimizin başçısı tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb, təsirli tədbirlər həyata keçirilib.

Sədr qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir, şəhid və qazi ailələrinə xüsusi həssaslıq, qayğı və mərhəmət hissi ilə yanaşılır, onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.

Çıxış zamanı bildirilib ki, Vətən müharibəsində qazanılan parlaq Qələbə sayəsində azad olunan ərazilərdə bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, mühüm layihələr reallaşdırılır. Dövlətimizin başçısı bu ərazilərdə strateji obyektlərin, müəssisələrin təməlini qoyur, tikinti işlərinin geniş vüsət almasını, yüksək texnologiyaların tətbiqini diqqət mərkəzində saxlayır. Bu tikinti-quruculuq işləri, şəhər və kəndlərimizin sürətlə bərpası bütün dünyaya Azərbaycanın gücünü nümayiş etdirir.

O da qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr endirən rəşadətli Ordumuzun böyük Qələbəsi Azərbaycan tarixində daim xüsusi yer tutacaq. 44 günlük Vətən müharibəsi Ermənistanın işğalçılıq siyasətinə son qoydu, düşmənə unutmayacağı tarixi dərs verdi. Qəhrəman hərbçilərimizin misilsiz rəşadəti hesabına, şəhidlərimizin qanı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Sədr bildirib ki, Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilib. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən, rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir.

Diqqətə çatdırılıb ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid olub. Lakin şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu ərazi bütövlüyümüzü qorumaq üçün düşmənə qətiyyətli cavab verib. 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Ermənistanın insidentləri və təxribatları ölkəmizdə həmrəylik mühitini daha da bərkidir. Azərbaycan xalqı ölkədə siyasi sabitliyin qorunması üçün əsl birlik nümayiş etdirir.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vasitə ilə mane olduğunu növbəti dəfə göstərdi.

Sədr onu da qeyd etdi ki, müharibənin parlaq Qələbəmizlə başa çatmasından iki ilə yaxın vaxt keçməyinə baxmayaraq, doğma torpaqlarından Ermənistan silahlı qüvvələri tərəfindən zorla qovulan Azərbaycan vətəndaşlarının geri qayıtmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının azad olunmuş əraziləri erməni silahlı birləşmələri tərəfindən minalandığından dinc şəraitdə mülki şəxslər həlak olmağa davam edir.

Tədbirin sonunda Fərhad Abdullayev əmin olduğunu bildirib ki, ərazi bütövlüyümüzün qorunması, torpaqlarımızın işğaldan azad olunması yolunda şəhid olanların qəhrəmanlığı xalqımız və gələcək nəsillər üçün həmişə örnək olacaq. Sədr düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimizin öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verən bütün şəhidlərimizin, Vətənini sevən, dövlətinə sadiq qalan, öz vəzifələrini yüksək səviyyədə yerinə yetirən igid oğulların ruhları qarşısında baş əydiyini bildirib, onların doğmalarına Allahdan səbir diləyib. F.Abdullayev bildirib ki, hər bir azərbaycanlı onlarla qürur duyduğumuz bildir.

Eyni zamanda, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və onların ailə üzvlərinə xüsusi həssaslıq, yüksək diqqət və qayğı ilə yanaşılması tapşırılaraq, Məhkəməyə müraciəti zamanı zəruri hüquqi yardımın göstərilməsinin və onları maraqlandıran məsələdə köməkliyin göstərilməsinin prioritet olması bir daha nəzərə çatdırılıb.