Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Xəbərlər

2022 Sep

20.09.2022

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimləri A.İsgəndərovun və E.Kazımovun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurası Aparatının və Ədliyyə Akademiyasının mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru M.Əliyevin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində və prokurorluq orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini müəyyən edən qanunvericilikdə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin mütənasib və ağlabatan tarazlığı əsasında nizamlanmasının zəruriliyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prokurorluğuna ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin icbari təlimə cəlb edildiyi müddət ərzində iş yeri və orta əməkhaqqının saxlanılması məsələsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.