Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İXM-nin 333.2-ci mad. şərh edilməsinə dair konstitusiya işinə baxıb

Xəbərlər

2022 Jul

13.07.2022

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Şirvan Apellyasiya Məhkəməsinin hakimi İ.Abdullayev və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru S.Əliyevin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci və 150.14-cü maddələrinə uyğun olaraq inzibati cəriməni qərar qanuni qüvvəyə minənədək ödəmiş və həmin qərarı qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmiş şəxslərin inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunduqları müddətin başlanğıcı həmin Məcəllənin 35-ci maddəsinə əsasən tənbehin icrasının bitdiyi gündən hesablanmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.