23.06.2022
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Prokurorluğunun sorğusu əsasında “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri
Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi
A.Osmanovanın və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi
qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Ali Məhkəmənin Cinayət
Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi H.Məmmədovun,
Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi A.Xudiyevin, Daxili İşlər Nazirliyi
və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mülahizələri, ekspert Bakı
Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
dosenti S.Əliyevin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar
qəbul edib.
Qərarda deyilir ki, yol hərəkətinin
tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş
və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan
Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi
yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun
33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat
vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.
Azərbaycan Respublikasında müvəqqəti
və ya daimi yaşamaq üçün icazə alan şəxslərin “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun 35-1-ci maddəsinin tələblərinin yerinə yetirilməməsinin
hüquqi nəticələri barədə xəbərdar edilməsi Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.