10.05.2022
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda Bakı Apellyasiya
Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1099-cu və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş
üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin Bakı
Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun və Milli Məclis Aparatının İqtisadi
qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssis Ali Məhkəmənin Mülki
Kollegiyasının sədri S.Hacıyevin mülahizələrini və işin materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, əmək və ya mülki
hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar
olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə
işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən
mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu
halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq
zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.
Yüksək təhlükə mənbəyinin (nəqliyyat
vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki
hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci
maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər
qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.