Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

Xəbərlər

2022 Feb

24.02.2022

Fevralın 24-də Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı faciəsi ilə bağlı Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib.

Anım tədbirində əvvəlcə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır və bu əməlin iddia müddəti yoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı Sərəncamda qeyd olunduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Sədr bildirib ki, hər il dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər təşkil edilir. Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb.

Vurğulanıb ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalı dövründə maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının darmadağın olunması erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı da zorakılıq aktıdır.

Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayan Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib.

Qeyd olunub ki, azərbaycanlılara qarşı Xocalı ilə yanaşı, bir sıra digər yaşayış məntəqələrində törədilmiş kütləvi qətllər, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı törədilmiş işgəncələr hazırda ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, cinayətlərlə bağlı beynəlxalq məhkəmələrə vəsatətlər verilir, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər davam etdirilir, zəruri addımlar atılır.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı qətliamının beynəlxalq ictimaiyyətə çatdırılması və dünya dövlətləri tərəfindən tanıdılmasını, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsini, onların ailə üzvlərinin və yaxınlarının sosial müdafiəsinin gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayır.

Sədr Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələri qeyd edib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədəki misilsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirilib ki, məhz bu uğurlu fəaliyyət nəticəsində hazırda dünyanın bir sıra ölkələri, ABŞ-ın 20-dən çox ştatı, həmçinin beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Bu səylərin nəticəsində artıq dünya ictimaiyyəti Xocalı faciəsi ilə bağlı daha çox məlumatlıdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.

Fərhad Abdullayev diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu soyqırımı haqqında həqiqətlərin dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasında mühüm rol oynayıb. Bu kampaniya çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Sədr vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində böyük Qələbəsi dövlətçiliyimizin tarixində daim xüsusi yer tutacaq. İşğal altındakı torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün təmin olunması həm də vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqlarını bərpa, dövlətin əsasını bərqərar etdi.

Otuz il davam etmiş işğala son qoyulmaqla, beynəlxalq hüquq normalarının aliliyi təmin edildi. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri Ermənistan tərəfi icra etməkdən boyun qaçırsa da, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti ilə bu qətnamələrin icrasını təmin edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, Xocalı faciəsi şəhidlərinin qanı yerdə qalmadı. Xocalı soyqırımı şəhidlərinin intiqamını 44 günlük Vətən müharibəsinin qəhrəmanları aldılar.

Hüquqda “Cinayət olan yerdə cəza da olmalıdır” prinsipini diqqətə çatdıran Fərhad Abdullayev Xocalıda azərbaycanlılara qarşı qətliam törədənlərin layiqli cəzalarını alacaqlarını vurğulayıb. Bildirib ki, Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər layiqli cəzalarını almalıdırlar.

Tədbirin sonunda sədr qeyd edib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq.