22.02.2022
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda Bakı şəhəri Suraxanı Rayon
Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci
maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair konstitusiya işinə
baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş
üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin -
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi S.Miriyevanın və Milli Məclis
Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssis
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və
ekologiya hüququ kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor
A.Qasımovun rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul
edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə
uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş
verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və
əmək intizamını təmin etmək məqsədilə bilavasitə iş yerində və iş vaxtı ərzində
baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati
xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən
kənar edə bilər:
a) Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 90-cı və 91-ci maddələrinə müvafiq olaraq,
şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə
barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda;
b) Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş
üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.