05.11.2021
Zəfər Gününün təsis edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli
Sərəncamına əsasən xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə
çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət
kəsb edən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə
hər il 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd
olunması qərara alınıb.
Bununla bağlı Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsində bir sıra tədbirlər keçirilib.
Noyabrın 3-də Konstitusiya
Məhkəməsinin kollektivi İkinci Fəxri xiyabanı ziyarət edərək Vətən uğrunda
həlak olmuş şəhidlərin xatirəsini anıblar.
Noyabrın 5-də Konstitusiya
Məhkəməsində Zəfər Günü ilə bağlı tədbir keçirilib.
Tədbiri açan Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən başlayan və
44 gün davam edən Vətən müharibəsi işğal altındakı ərazilərimizin qaytarılması
ilə nəticələndi, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar
və qürur mənbəyinə çevrildi.
Vurğulanıb ki, bu gün hər birimiz
müasir Azərbaycan tarixinin ən fəxarətli günlərini yaşayırıq. Xalqımızın 30
illik torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm siyasi
arenada, həm də döyüş meydanında misilsiz uğura imza ataraq tarixi ədaləti
bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu
müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız
Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək, ona və ordumuza böyük
dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında Ali Baş
Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal
altındakı torpaqlarımızı azad etdi. 44 gün davam edən hərbi əməliyyatlar
nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazandı, ölkəmizin ərazi bütövlüyü
bərpa olundu.
Diqqətə çatdırılıb ki, 8 noyabr
Azərbaycan tarixinə Zəfər günü kimi yazıldı. Məhz həmin gün Qarabağın tacı,
ölkəmizin ən dilbər guşələrindən biri, mədəniyyətimizin beşiyi Şuşa mənfur
düşmən işğalından qurtuldu.
Sədr vurğulayıb ki, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
hərbi əməliyyatlar nəticəsində müasir standartlara cavab verən rəşadətli
ordumuz 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsini, həmçinin 5 şəhər və 4
qəsəbəni, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. 2020-ci il
noyabrın 10-da Azərbaycanın qələbəsini təsdiqləyən üçtərəfli bəyanat imzalandı.
Bu tarixi sənəd nəticəsində Ermənistanın hərbi-siyasi rəhbərliyi təslim oldu,
hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə
atmadan geri qaytarıldı.
Qeyd edilib ki, müəllifi ulu öndər
Heydər Əliyevin olduğu Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi
işğaldan azad olunmuş torpaqlarımızda bərpa edildi. İşğal altındakı
torpaqlarımızın azad olunması həm də vətəndaşların konstitusiya hüquqlarının
bərpasını təmin etdi.
2021-ci il aprelin 12-də Prezident
İlham Əliyevin xüsusi təşəbbüsü ilə Bakıda salınan Hərbi Qənimətlər Parkı
Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı şanlı
qələbəyə həsr olunub. Ermənilərin döyüş meydanında qoyub qaçdığı atıcı
silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər
sursatlar qənimətlər sırasındadır. Hərbi Qənimətlər Parkı qazanılan tarixi
Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buradakı eksponatlar
hər bir ziyarətçidə Vətən müharibəsinin gedişi barədə təsəvvür yaradır,
Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırır.
Diqqətə çatdırılıb ki, 2020-ci il
dekabrın 8-də Prezident İlham Əliyev "YAŞAT” Fondunun yaradılması ilə
bağlı fərman imzaladı. Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi
əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi
sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi
istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq
platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai
nəzarətin təmin edilməsidir.
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
tapşırığı ilə şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı göstərilir.
Sədr tədbir iştirakçılarının
diqqətinə çatdırıb ki, bu günlərdə Konstitusiya Məhkəməsinin əməkdaşları şəhid
və qazi ailələrinə ərzaq yardımı göstəriblər və bu tədbirlər davam etdiriləcək.
Qeyd edilib ki, oktyabrın 26-da
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli
Beynəlxalq Hava Limanının rəsmi açılışı oldu. Həmçinin dövlət başçıları mühüm
strateji və iqtisadi əhəmiyyət daşıyan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil
yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular. Türkiyə Prezidentinin azad
olunmuş torpaqlara tarixi səfəri Azərbaycan-Türkiyə qardaşlığının daha bir
parlaq nümayişi oldu.
Konstitusiya Məhkəməsində keçirilən
tədbirdə iştirak edən Vətən müharibəsi qəhrəmanlarından biri, polkovnik Tehran
Mənsimov çıxışında vurğulayıb ki, Qələbəyə doğru inamla irəliləyən qorxmaz,
cəsur əsgər və zabitlərimiz Ermənistanın uzun illər işğal altında saxladıqları
torpaqlarımızda qurduğu mühəndis-istehkam sistemlərini, düşmənin hərbi
hissələrini, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu,
canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını
darmadağın etdilər. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin,
şəhidlərimizin qanı və canı bahasına azad olundu. Azərbaycanın döyüş meydanında
qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması
müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini
etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Vətən müharibəsi Azərbaycan
xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini,
həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına -
Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı. Bu qələbəni, zəfəri bizlərə yaşadan
isə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezidentimiz,
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü
ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Daha sonra sədr Fərhad Abdullayev
diqqətə çatdırıb ki, Vətən müharibəsində qazanılan parlaq qələbə sayəsində azad
olunan ərazilərdə bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata
keçirilir, mühüm layihələr reallaşdırılır. Dövlətimizin başçısı bu ərazilərdə
strateji obyektlərin, müəssisələrin təməlini qoyur, tikinti işlərinin gedişini,
yüksək texnologiyaların tətbiqini diqqət mərkəzində saxlayır. Bu
tikinti-quruculuq işləri, şəhər və kəndlərimizin sürətlə bərpası bütün dünyaya
Azərbaycanın gücünü, Prezidentimizin möhkəm iradəsini, yüksək idarəçilik
məharətini, qurub-yaratmaq əzmini nümayiş etdirir.
Tədbirin sonunda Fərhad Abdullayev
bildirib ki, 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi
yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər
Ordumuzun şücaəti, müqəddəs, qəhrəman şəhidlərimizin qanı bahasına, xalqımızın
birliyi hesabına qazandıq. Otuz illik işğalı 44 gündə son qoyan bu müharibə
dünya hərb tarixinə də misli görünməmiş savaş kimi yazıldı.
Sədr, həmçinin qarşıdan gələn
Azərbaycan Respublikasının Konstitusiya Günü və Dövlət Bayrağı Günü
münasibətilə Konstitusiya Məhkəməsinin kollektivini təbrik edib. Qeyd olunub
ki, bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş bölgələrdə ucaldılıb və bu
bayraq daim həmin ərazilərdə dalğalanacaq.
Tədbirdə, həmçinin Azərbaycan Dövlət
İnformasiya Agentliyinin hazırladığı Zəfər Gününə həsr olunmuş film nümayiş
etdirilib.