Sentyabrın 27-də Konstitusiya Məhkəməsində Anım Günü ilə bağlı tədbir keçirilib.
Hakimlər və Aparatın məsul əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin əvvəlində İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Sədr diqqətə çatdırıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi. Ordumuzun düşmənin təxribatlarını qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək təcavüzkara sarsıdıcı zərbə endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində müasir standartlara cavab verən rəşadətli ordumuz 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsini, həmçinin 5 şəhər və 4 qəsəbəni, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycan Ordusunun hərbi uğurları müharibənin nəticəsini müəyyənləşdirdi və uzun illər davam edən işğala son qoyulmasına nail olundu. 2020-ci il noyabrın 10-da Azərbaycanın qələbəsini təsdiqləyən üçtərəfli bəyanat imzalandı. Bu tarixi sənəd nəticəsində hərbi əməliyyatlar dayandırıldı.
Tədbirdə qeyd olunub ki, respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizədə cəsarət və yüksək vətənpərvərlik göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, dövlətimizin başçısı İlham Əliyevin ətrafında birləşən xalqın birlik və həmrəylik nümayiş etdirməsi, düşmənə sarsıdıcı zərbələr endirən rəşadətli ordumuzun Böyük Qələbəsi Azərbaycan tarixində daim xüsusi yer tutacaq.
Tədbirdə ulu öndər Heydər Əliyevin başladığı yolu uğurla davam etdirən, milli mənafelərimizi qətiyyətlə qoruyan, ərazi bütövlüyümüzü təmin edən Prezident İlham Əliyevin noyabrın 8-də xalqa müraciətində dediyi bu sözlər xatırlanıb: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Sədr çıxışında bildirib ki, ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, Silahlı Qüvvələrimizin müasir texnika ilə təminatı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. İşğal altındakı torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Respublikamızda hər zaman hərbçilərə, şəhid ailələrinə, qazilərə həm dövlət, həm də xalq tərəfindən yüksək diqqət və davamlı qayğı göstərilir, sosial ehtiyacları təmin edilir və onların rifahının yaxşılaşdırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi dövlət siyasətinin prioritetlərindən biridir. Bununla bağlı, dövlətimizin başçısı tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb, təsirli tədbirlər həyata keçirilib.
Fərhad Abdullayev rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirə bilməyən düşmənin təxribatlara əl ataraq, respublikanın bir sıra şəhər və rayonlarını, yaşayış məntəqələrini ballistik raket və ağır artilleriya qurğularından istifadə edərək atəşə tutduğunu, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdiyini qeyd edib və bu qanlı cinayətlərin təşkilatçılarının layiqli cəzalarını almalarının vacibliyini vurğulayıb. BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Prezident İlham Əliyev videoformatda çıxışı zamanı bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını Azərbaycanın özü təmin edib.
Daha sonra sədr Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə sosial dəstək və yardım aksiyalarının həyata keçirilməsindən, onun şəhid və qazi ailələrinə xüsusi həssaslıq, qayğı və mərhəmət hissi ilə yanaşılmasından, onların problemlərinin həllinin daim diqqət mərkəzində saxlanılmasından danışıb, bütün bunların xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılandığını diqqətə çatdırıb.
Eyni zamanda, qeyd olunub ki, ötən il dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – "YAŞAT” Fondunun yaradılması ilə bağlı fərman imzalayıb. Bu da öz növbəsində, vətəndaş cəmiyyətinin də şəhid ailələrinin, qazilərin və Qarabağ müharibəsi iştirakçılarının sosial vəziyyətinin yaxşılaşmasına dəstək verilməsinə imkan yaradıb.
Bildirilib ki, Vətən müharibəsində əldə edilən parlaq qələbə sayəsində azad olunan ərazilərdə bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, mühüm layihələr reallaşdırılır. Dövlətimizin başçısı bu ərazilərdə strateji obyektlərin, müəssisələrin təməlini qoyur, tikinti işlərinin geniş vüsət almasını, yüksək texnologiyaların tətbiqini diqqət mərkəzində saxlayır. Bu tikinti-quruculuq işləri, şəhər və kəndlərimizin sürətlə bərpası bütün dünyaya Azərbaycanın gücünü, Prezidentimizin möhkəm iradəsini, yüksək idarəçilik məharətini, qurub-yaratmaq əzmini nümayiş etdirir.
Tədbirin sonunda Fərhad Abdullayev əmin olduğunu bildirib ki, ərazi bütövlüyümüzün qorunması, torpaqlarımızın işğaldan azad olunması yolunda şəhid olanların qəhrəmanlığı xalqımız və gələcək nəsillər üçün həmişə örnək olacaq.
Anım Günündə Konstitusiya Məhkəməsi Aparatının məsul əməkdaşları Vətən müharibəsi şəhidlərinin İkinci Fəxri xiyabandakı məzarlarını ziyarət ediblər.