07.09.2021
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya
icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
İclasda Bakı Apellyasiya
Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü
maddəsinin 1-ci hissəsinin, 294-cü və 296-cı maddələrinin şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş
üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin -
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun və Milli
Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin,
mütəxəssis Ali Məhkəmənin Mülki Kollegiyasının sədri S.Hacıyevin
mülahizələrini, ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru
professor A.Qasımovun rəyini və işin materiallarını araşdırıb müzakirə edərək
qərar qəbul edib.
Qərarda deyilir ki, əmək müqaviləsi
işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri,
habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial
və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya
ştatların ixtisar olunması əsası ilə ləğv edilməlidir.
Əmək müqaviləsi işçinin çalışdığı iş
yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə
bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv olunarkən
həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a”
bəndində nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv olunmalıdır.
Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək
mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv
müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları
təşkilatının nəzdində yaradılmalıdır.
Fərdi əmək mübahisələrinə məhkəməyə
qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq
edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri
nəzərə almalıdırlar.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.