29.07.2021
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya
icraatının yazılı prosedur qaydasında məhkəmə iclası keçirilib.
İclasda Balakən Rayon Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və 36-cı
maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş
üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin -
Balakən Rayon Məhkəməsinin hakimi Z.Tahirovun və Milli Məclis Aparatının Sosial
qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssislər Ali Məhkəmənin Mülki
Kollegiyasının sədri S.Hacıyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi
R.Eyvazovun mülahizələrini, ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Mülki hüquq kafedrasının dosentləri, hüquq üzrə fəlsəfə doktorları
Ş.Yusifovun və S.Süleymanlının rəylərini, işin materiallarını araşdırıb
müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə
Məcəlləsinin 32-ci və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah
dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə
üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi
üçün vəzifələr yaradır.
Azərbaycan Respublikası Ailə
Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının
bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb
hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.
Şəxsi xarakterli öhdəliklərin icrası
üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın
ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi
tələbi barədə ərizə verə bilər.
Azərbaycan Respublikası Ailə
Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı
əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar
ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu
bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan
qaldırmır.
Ər-arvad arasında yarana biləcək
əmlak mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərə
nikah müqaviləsinin bağlanılmasının təklif edilməsi müvafiq icra hakimiyyəti
orqanına tövsiyə olunsun.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.