2011-02-04 Konstitusiya Məhkəməsində hesabat iclası keçirilmişdir

Xəbərlər

2011 Feb

Fevralın 5-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin sədrliyi ilə Aparatın 2010-cu ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.

İclası açan Sədr Fərhad Abdullayev 2010-cu ildə məhkəməyə daxil olmuş məhkəmə müraciətləri, sorğular və vətəndaşların şikayətləri ilə bağlı qəbul edilmiş qərar və qərardadlar barədə, habelə aparılmış analitik rəylər və arayışlar, beynəlxalq əməkdaşlıq sahəsində Konstitusiya Məhkəməsinin 2010-cu il üzrə fəaliyyəti müzakirə edilmişdir. Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları, aparat rəhbərliyinin çıxışları dinlənilmişdir.

Konstitusiya Məhkəməsinə 2010-cu il ərzində müraciət hüququndan istifadə edən subyektlər tərəfindən qanunvericilikdə mövcud olan ziddiyyətli məqamlarla bağlı hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi  və bir sıra vacib hüquqi məsələlərə aid daxil olmuş müraciətlər və sorğulara toxunulmuşdur. 

Ötən il üzrə məhkəmələrdən daxil olmuş müraciətlər əsasında Konstitusiya Məhkəməsi Plenumunun 8 qərarı qəbul edildiyini, hazırda da bəzi müraciətlərin icraata qəbul edilməsinin mümkünlüyü baxımından öyrənilməsi, ümumilikdə isə ötən il ərzində daxil olmuş sorğu, müraciət və şikayətlər əsasında Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 20 qərar və 6 qərardad qəbul edildiyini söyləmişdir. Həmin qərarlarla bir sıra hüquqi cəhətdən ziddiyyətli məsələlərə və hüququn tətbiqində yaranan kolliziyalara ətraflı şərhlər verilmiş, bir sıra tövsiyyələr edilmişdir.

Konstitusiya Məhkəməsinin Sədri beynəlxalq əməkdaşlıq sahəsində 2010-cu ildə həyata keçirilən tədbirlər sırasında xüsusi olaraq Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirlrməsini qeyd etmişdir. Fərhad Abdullayev beynəlxalq konstitusiya nəzarəti orqanları təcrübəsinin həm Konstitusiya Məhkəməsinin fəliyyətində, həm də Azərbaycan Respublikasının hüquq ictimaiyyəti üçün əhəmiyyətindən geniş şəkildə danışmışdır.

Bundan sonra Aparat daxilində yaradılmış İşçi Qrupunun ötən il ərzində səmərəli fəaliyyəti ilə Konstitusiya Məhkəməsi Sədrinin və hakimlərinin müvafiq tapşırıqları ilə rəylərin hazırlanması, qanunvericilikdə mövcud boşluqların və ziddiyyətlərin aşkar olunması işləri Konstitusiya Məhkəməsinin Sədri tərəfindən müsbət qiymətləndirilmişdir. 
İclasın sonunda Sədr Fərhad Abdullayev tərəfindən Aparatın strukturlarına bir sıra tapşırıqlar  verilmişdir.

İclasda Sədr Fərhad Abdullayev həmçinin yanvar ayının 27-də Prezident Administrasiyasında Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının iclasının nəticəsində dövlət orqanları qarşısında qoyulmuş tələblər və verilmiş təlimatları qeyd etmiş, vətəndaşlardan gələn şikayət və ərizələrin, habelə məhkəmələrdən daxil olan müraciətlərin daha da diqqətlə öyrənilməsi üçün müvafiq tapşırıqlar vermiş, məhkəmə hakimiyyətinə vətəndaşların  etibarının artmasını, şikayətlərdə göstərilən bütün məhkəmə orqanlarına aid olan nöqsanların aradan qaldırılması üçün səylər görülməsini  tapşırmışdır.