13.04.2021
Aprelin 13-də Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyə
Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla
görüşüb.
Sədr
Fərhad Abdullayev səfirə diplomatik fəaliyyəti dövründə dost və qardaş Azərbaycanla
Türkiyə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərində hüquqi
əlaqələrin xüsusi yer tutduğunu, bütün sahələrdə olduğu kimi, məhkəmə hüquq
sahəsində də əlaqələrin daha da dərinləşməsində verdiyi töhfəyə görə
təşəkkürünü bildirib.
Ölkələrimiz
arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla
inkişaf etdiyini qeyd edən F.Abdullayev ulu öndər Heylər Əliyevin "Bir
millət, iki dövlət" müdrik kəlamını xatırladaraq, ikitərəfli
münasibətlərimizin möhkəmləndirilməsində dövlət başçılarımızın müstəsna rolunu
vurğulayıb.
Söhbət
zamanı Konstitusiya Məhkəməsinin sədri ölkələrimizin hər zaman bir-birinin
yanında olduğunu, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində parlaq qələbəsinin
Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqının qələbəsi kimi qəbul
edildiyinə görə sevincini diqqətə çatdırıb. Göstərdiyi mənəvi dəstəyə görə
Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinə, habelə bütün qardaş Türkiyə xalqına
və Türkiyə Ali Dövlət qurumlarına Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi adından bir daha təşəkkürünü ifadə edib.
Səmimi
sözlərə görə minnətdarlıq edən səfir Erkan Özoral diqqətə çatdırıb ki, İkinci
Qarabağ müharibəsi ölkələrimizin sarsılmaz birliyini bütün dünyaya nümayiş
etdirib. Hörmətli qonaq 30 il davam edən işğaldan azad olunmuş torpaqlarda
Azərbaycan bayrağının qaldırılması ilə bağlı xalqımızın sevincini daim
xatırlayacağını bildirib.
Səfir
Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin strateji
əməkdaşlıq xarakteri daşıdığını vurğulayıb.
Görüşün
sonunda sədr Fərhad Abdullayev səfir Erkan Özorala gələcək fəaliyyətində
uğurlar arzulayıb və xatirə şəkilləri çəkilib.