01.03.2021
Fərhad Abdullayevin sədrliyi
ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə
icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin
II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II
hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılması
ilə bağlı Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri
- Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)
Aparatının Elmi-Analitik sektorunun müdiri M.Məmmədov və Milli Məclis
Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqov, mütəxəssislər
- Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının hakimi R.Eyvazov tərəfindən təqdim edilmiş mülahizələri və
işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin
II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II
hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab edilsin.
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 1159-cu və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.1-ci maddələrinə
uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasda məcburi pay
anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının,
valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də
ehtiva edir.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.